Əsas Səhifə > Cəmiyyət > MƏMURLAR HESABAT VERƏCƏK

MƏMURLAR HESABAT VERƏCƏK


9-03-2012, 13:07
MƏMURLAR HESABAT VERƏCƏK

GƏLİR BƏYANNAMƏSİNİN TƏTBİQİNƏ BAŞLANILIR

Azərbaycanda dövlət məmurları arasında gəlir bəyannamələrinin tətbiqinə 2012-2013-cü illərdə başlana bilər.

Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Nazirlər Kabinetindən «APA-ECONOMICS»ə verilən məlumata görə, baş nazir Artur Rasizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin imzaladığı sənəddə qarşıdakı iki il ərzində sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelər və birgə fəaliyyət müəyyən edilib.

Burada nəzərdə tutulan tədbirlərdən biri də dövlət məmurları arasında gəlirlər haqqında bəyannamənin doldurulmasını tətbiq etməklə və digər təsirli tədbirləri həyata keçirməklə, korrupsiya əleyhinə fəaliyyəti gücləndirməkdir.

İqtisadi siyasət sahəsində tərəflərin üzərinə götürdükləri öhdəliklərə kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımının ayrılmasına diqqəti artırmaq, qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək aiddir. Bundan başqa, bilavasitə istehsalçıların, infrastruktur yaradan elmi tədqiqat və təcrübə-konstruktor işlərini həyata keçirən sahibkarların investisiya fəaliyyətinin yüksəldilməsini nəzərə alan vergi qanunvericiliyinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Baş Kollektiv Sazişə əsasən, bundan sonra təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə olunacaq. Digər tərəfdən istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlərin aparılması və onların nəticələrinin geniş ictimaiyyətə çatdırılması da nəzərdə tutulur. Eləcə də inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək planlaşdırılır.

Sənəddə ipoteka kreditləri sisteminə dəyişikliklər də planlaşdırılır. Sazişə əsasən, ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə, kredit məbləğinin əmlak bazarında mövcud olan qiymətlərə uyğunlaşdırılmasına nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək nəzərdə tutulur.

Baş Kollektiv Sazişə əsasən, ölkədə institusional, idarəetmə və struktur islahatları davam etdiriləcək, eləcə də dövlət idarəetməsi sahəsində təkmilləşdirmə işlərini davam etdirmək, məmurların hərəkətləri və ya hərəkətsizliyi nəticəsində sahibkarlara (biznesə) dəyən zərərə görə məsuliyyət haqqında normativ aktın qəbul edilməsi imkanının nəzərdən keçirilməsi nəzərdə tutulur.

Sənəddə bildirilir ki, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlanacaq, Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görüləcək.

Baş Kollektiv Sazişdə 2012-2013-cü illərdə ölkə iqtisadiyyatının gözlənilən artım templəri də əksini tapıb - tərəflər iqtisadiyyatın bütün sahələrində ÜDM-in göstərilən real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər. Beləliklə, 2012-ci ildə ÜDM-in 5,7%, 2013-də 5,1% artımı, o cümlədən sənaye istehsalının 2012-ci ildə 1,9%, 2013-cü ildə 1,4% artımı nəzərdə tutulur. Bu dövrdə kənd, meşə və balıqçılıq təsərrüfatında 7,1% və 4,4%, o cümlədən pərakəndə əmtəə dövriyyəsinin 7,7% və 7,8%, əhalinin pul gəlirlərinin 6,8% və 8% artması proqnozlaşdırılır.

Qeyd edilir ki, saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas götürülür və tərəflər burada göstərilənlərə əməl edəcəklər. «Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edir», - deyə sənəddə bildirilir.


Geri qayıt