Əsas Səhifə > Siyasət, Manşet > SƏFƏR ƏBİYEV GEDİŞ ƏRƏFƏSİNDƏ

SƏFƏR ƏBİYEV GEDİŞ ƏRƏFƏSİNDƏ


9-03-2012, 12:40
SƏFƏR ƏBİYEV GEDİŞ ƏRƏFƏSİNDƏ

MÜDAFİƏ NAZİRLİYİNDƏ RƏHBƏR DƏYİŞİKLİYİNİN YOLLARI ARANIR

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, müdafiə naziri Səfər Əbiyev istefa ərizəsi yazıb. Onun belə bir addımı atmasının səbəbi kimi isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevlə konfliktidir.

Bu barədə verilən məlumatlarda deyilirdi ki, Səfər Əbiyev Lənkəran Əliyevlə bağlı ölçünün götürülməsi, hətta onun hərbi tribunal qarşısına çıxarılması məqsədilə dəfələrlə «yuxarıların» icazəsini almağa çalışsa da, rədd cavabı alıb ki, bu da nazirin sonucda istefa ərizəsi yazıb, «yuxarılara» təqdim etməsi ilə nəticələnib.

Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Səfər Əbiyev əslində haqlı olduğu halda haqsız duruma salınmasından əsəbiləşib bu qərarı verməsinə baxmayaraq, «yuxarılar» naziri heç də olduğu kimi qəbul etmirlər: «Məsələ tam olaraq ciddiləşib və Səfər Əbiyevin yazdığı istefa ərizəsi təsdiqlənə bilər. Yəni bu istefa rəsmiləşə bilər».

Artıq bu yöndə müəyyən hazırlıqların getdiyi də bildirilir. Mənbəmizin sözlərinə görə, Səfər Əbiyevin getməsini arzulayanlar yetərincədir: «Çoxdandır bəlli bir qrup nazirə qarşı mübarizə aparır və hətta ayrı-ayrı hərbçiləri MN rəhbərliyinə qarşı qoymaqla da fəaliyyətsiz qalmadıqlarını sərgiləyirlər».

Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda Səfər Əiyevin yerinə nazirlik iddiasına düşən və hazırda prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri postu tutan Vahid Əliyevin MN rəhbərliyinə gətiriləcəyi haqda xəbərlər yayılmışdı. Lakin bu məlumatlar öz təsdiqini tapmadı. Mənbəmiz bildirir ki, bu gün Lənkəran Əliyevi müdafiə nazirliyinə qarşı hücuma şövqləndirənlər arasında elə Vahid Əiyevin də adı çəkilməkdədir.

Məlumatlarda o da deyilir ki, Səfər Əbiyevin gedişini ayrı-ayrı dairələr «NATO sisteminə keçid» adı altında formulə edilməsini də təklif ediblər: «Amma bu fikir tam dəstəklənmir. Bu halda gərək növbəti müdafiə naziri mülki şəxs olsun. Amma bu zaman da Vahid Əliyevin yolları bağlanır. Ona görə də hələlik yollar axtarılır və yekun qərar yaxın günlərdə bəlli olacaq».


Geri qayıt