Əsas Səhifə > Hadisə, Manşet > ORTA MƏKTƏBLƏRDƏ RÜŞVƏT DALĞASI

ORTA MƏKTƏBLƏRDƏ RÜŞVƏT DALĞASI


7-03-2012, 14:40
ORTA MƏKTƏBLƏRDƏ RÜŞVƏT DALĞASI

152 SAYLI MƏKTƏBDƏ ŞAGİRDLƏRİN HƏR BİRİNDƏN 100 MANAT YIĞILIR

DİA.AZ: - Misir Mərdanovun orta məktəblərində rüşvət yenə də baş alıb gedir. Elə redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, hakimiyyətin keçən il həyata keçirdiyi antikorrupsiya tədbirlərindən kənarda qalan və yalnız Orxan Kərimov kimi zavallını güdaza verməklə, çulunu sudan quru çıxarmağa müvəffəq olan təhsil naziri Misir Mərdanov əslində rüşvəti stimullaşdırmaqla məşğuldur.

Əgər belə olmasaydı, ən azından Misir Mərdanovun orta məktəblərinin rəhbərləri digər dövlət qurumlarında çalışanlar kimi rüşvətin heç olmasa pəhrizinə oturardılar. Amma Misir Mərdanovun hətta antikorrupsiya tədbirlərinin «razqar» vaxtında belə «mən 8 Martda şagirdlərin müəllimlərə pul yığmasına göz yumuram» şəklində açıqlama verməsi orta məktəb müəllimləri üçün bir siqnal rolunu oynadı. Yəni arın-arxayın hər kəs rüşvətini ala bilər.

Bu gün isə, yəni anitkorrupsiya tədbirlərinin üstündən bir il keçdiyi bir ərəfədə orta məkəblərdə yenidən rüşvət dalğası baş qaldırıb. Bu barədə DİA.AZ redaksiyasını məlumatlandıran validenlərdən biri bildirdi ki, Nəsimi rayonu ərazisinə yerləşən 152 saylı orta məktəbdə total pultoplama kampaniyasına start verilib.

Bizimlə söhbətində adının çəkilməsini arzulamayan valideyn çox ciddi ittihamları da səsləndirdi ki, əməkdaşlarımız sözügedən məktəbə yola düşəsi oldu. Bildirək ki, dünən həmin məktəbdə olan əməkdaşımız şagirdlərlə söhbət edib və çox maraqlı faktlar əldə edib.

Belə ki, bizimlə söhbətində şagirdlər bildirdilər ki, bütün 11-ci sinif şagirdlərindən birbaşa olaraq sinif rəhbərləri tərəfindən 100 manat pul tələb olunub: «Həmin pulun nəyə istənildiyini öyrəndik. Bizə dedilər ki, bu 100 manatın içinə həm müəllimlərin 8 mart hədiyyəsinin pulu, həm fond pulu və həm də təmir pulu daxildir. Amma biz də etiraz edib bildirdik ki, axı hər ay 2 manatdan fond pulu veririk. Və şikayətimizi məktəbin direktoru Gülarə Verdiyevaya bildirdik. O isə müəllimlərin tələbini bir daha səsləndirdi və bizə bildirdi ki, əgər 100 manatdan gətirməsək, o zaman atesstat üzü görməyəcəyik».

Şagirdlərdən biri isə bizimlə söhbətində bildirdi ki, o, dərslərini yaxşı oxuyur: «Bütün sınaq imtahanlarını 4, 5 qiymətləri ilə verirəm. Dərsə davamiyyətimdə də heç bir problemim yoxdur. Amma məndən də 100 manat pul istəyiblər. Etiraz edəndə mənə dedilər ki, onda atesstat ala bilməyəcəm».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…


Geri qayıt