Əsas Səhifə > Ölkə, Manşet > ŞAHRZA ƏLİYEV GƏRGİNLİK KEÇİRİR

ŞAHRZA ƏLİYEV GƏRGİNLİK KEÇİRİR


6-03-2012, 13:53
ŞAHRZA ƏLİYEV GƏRGİNLİK KEÇİRİR

TN-NİN ŞÖBƏ MÜDİRİ MƏHKƏMƏDƏ AÇILACAQ FAKTLARDAN EHTİYAT EDİR

DİA.AZ: - Məlum olduğu kimi, Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimovun cinayət işi üzrə dünənə nəzərdə tutulan məhkəmə prosesinin hazırlıq iclası baş tutmayıb. Qeyd edək ki, dünən iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə hazırlıq iclası keçirilməliydi. Lakin vəkillərdən biri gəlmədiyi üçün hazırlıq iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan O. Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib.

Lakin bu həbs hələ zamanında böyük ictimai rezonansa səbəb oldu ki, səs-küyün yaranmasında da yetərincə ciddi arqumentlər var idi. Və haqlı olaraq həmin ərəfədə belə bir rəy yarandı ki, əslində, Orxan Kərimov həmin dövrün populyar bir hərəkətlənməsi olan antikorrupsiya tədbirlərində təhsil nazirliyinin verdiyi qurbanlıqdır. Çünki daha iri balinaların hədəfdən yayındırılması zamanı bu kimi priyomlardan dəfələrlə istifadə olunub.

Və ortaya çıxan qənaətlər çox keçmədi ki, özünü doğrultdu. Orxan Kərimovun hələ ibtidai istintaq zamanı mətbuata verdiyi açıqlamalar qulaqardına vuruldu və məlum oldu ki, təhsil nazirliyinin həbs olunmuş əməkdaşını müstəntiqlər belə dinləmək istəmir. Bu isə onunla bağlı idi ki, Orxan Kərimovla bərabər ən azından onun çalışdığı şöbənin müdiri Şahrza Əliyev də həbs olunmalı idi. Lakin bütün bunlar baş vermədi. Bir zamanlar Müsavat Partiyasının üzvü olmuş Orxan Kərimov bütün təhsil nazirliyinin ayıblarının ört-basdır edilməsi üçün yeganə «qurbanlıq» kimi tanındı.

Amma Şahrza Əliyev həmin ərəfədə və elə indinin özündə də böyük təlaş yaşamaqdadır. Məlumdur ki, hakimiyyət içindəki cənub qruplaşmasının himayə etdiyi Şahrza Əliyev elə öz böyüklərinin dəstəyi hesabına həbsdən yaxa qurtardı. Amma mətbuatın susdurulması qeyri-mümkün olduğundan günü bu gün də TN-nin şöbə müdiri narahatçılıq içindədir.

Bu barədə DİA.AZ-ı məlumatlandıran hakimiyyət içindəki mötəbər qaynaq bildirir ki, Şahrza Əliyev hətta məlum işlə bağlı keçiriləcək məhkəmə iclaslarından reportajların özü tərəfindən REDAKTƏ EDİLMƏSİ üçün bir sıra qəzetlərlə danışıqlar aparır: «Bu təlaşın səbəbləri aydındır. Çünki Orxan Kərimov məhkəmə istintaqı zamanı çox cidd faktları açıqlayacaq ki, həmin faktlar Şahrza Əliyevin həbsini zəruri edəcək. Ona görə də TN-nin şöbə müdiri bəri başdan tədarük əhvalındadır».

Mənbəmiz onu da bildirdi ki, Şahrza Əliyev eyni zamanda məhkəmə orqanlarına da təsir etməyə çalışır. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt