Əsas Səhifə > Siyasət, Manşet > İRAN QUBAYA DA SAHİB ÇIXMAQ İSTƏYİR

İRAN QUBAYA DA SAHİB ÇIXMAQ İSTƏYİR


6-03-2012, 12:44
İRAN QUBAYA DA SAHİB ÇIXMAQ İSTƏYİR

AİP SƏDRİNİN QUBADA DOĞULMASI FAKTI VƏ TƏBRİZDƏ MÜZAKİRƏLƏR

DİA.AZ: - İranın Azərbaycana qarşı düşmənçiliyi yeni məcraya yön almaqdadır. Artıq bu ölkə heç bir prinsipi gözləmədən Azərbaycanın iç işlərinə müdaxilə etməyə hazırlaşır. Bu barədə İranın «arannyus» portalı tərəfindən yayılan məlumatdan da aydın olur.

DİA.AZ olaraq bildiririk ki, rəsmi Tehran Azərbaycanda iranmeyilli dindarların həbsi ilə bağlı Təbrizdə bir törən düzənləyir və indidən həmin tədbirin hansı axarda inkişaf edəcəyini təxmin etmək çox asandır. Xüsusən də sözügedən tədbiri AntiAzərbaycan çıxışları ilə diqqətə gələn Ərdəbilin imam cüməsi Seyid Həsən Amilinin idarə etməsindən hər şey aydın olur. Həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq:

«Bu mərasim şənbə günü martın 10-da məğrib və işa namazlarından sonra Təbrizin Maralan məhəlləsində yerləşən "Miyanə" məscidində Vəliyyi-fəqihin nümayəndəsi, Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin xətibliyi keçiriləcək.

Mərasim, Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu və Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının ildönümü və islami oyanış hərəkatının formalaşması ilə eyni zamanda keçirilir.

Şiə fəallarından və Beynəlxalq Əhli-Beyt Assambleyasının üzvü, AİP-in sədri olmuş Hacı Əlikram Əliyev Nardaran qəsəbəsində anadan olmuşdur.

Hacı Əlikramın Azərbaycanda ictimai və dini fəaliyyəti İslam İnqilabı və imam Xomeynidən (rh) təsirlənərək, İslam İnqilabının qələbəsi ilə eyni zamanda başladı və öz 71 illik ömründə müsbət lider, İslam, imam Xomeyni (rh) təfəkkürü xidmətçisi kimi tanındı.

Bakıda və Nardaran qəsəbəsində imam Xomeyninin (rh) müqəllidlərinin rəhbərliyini öhdəsinə alan Hacı Əlikram, Ali Məqamlı Rəhbəri sevənlərdən idi. O, neçə illər İslam düşmənləri və ABŞ yönümlü kommunistlərinin zindanında həbsdə qaldı, işgəncələrə məruz qaldı, hətta öz sağlamlığını bu yolda itirdi.

Bakı dövlətinin son iki ildə islamofobiya siyasətlərinin ardınca Azərbaycan Respublikası islam hərəkatının formalaşmasının şahidi olmuşdur. Bu ölkədə çoxlu dindarın həbs edilməsinə baxmayaraq, hazırda islam hərəkatı öz yeni mərhələsinə daxil olmuşdur. Belə ki, həbsdə olan AİP sədrinin dünyaya gəldiyi Quba şəhəri son günlər dövlət aparatına qarşı misli görünməyən etirazların şahidi olmuşdur».


Geri qayıt