Əsas Səhifə > Cəmiyyət > MÜTƏLLİBOV DÖNƏ BİLƏCƏK
MÜTƏLLİBOV DÖNƏ BİLƏCƏK5-10-2011, 16:10 |
ARTIQ QANUN LAYİHƏSİ HAZIRDIR “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsinin detalları bəlli olub. APA-nın məlumatına görə, qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində ilk dəfə müzakirəyə çıxarılıb. Qanun layihəsi 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən «keçmiş prezident» Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur. Qanunla keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil. Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapıb. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilməlidir. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə onun həyat yoldaşına və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilməlidir. Öhdədə birdən artıq uşaq olduqda, ödənilməli olan müavinət bərabər hissələrə bölünməklə onlara ödəniləcək. Qanuna əsasən, keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilməlidir. Keçmiş prezident vəfat etdikdə isə onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaq. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır. Dövlət qulluğu üçün müəyyən olunmuş tibb təminatı üzrə hər hansı qanun və qaydaların müddəaları da keçmiş prezident və onun ailə üzvlərinə şamil olunacaq. Qanunda keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil verilməsi, prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi nəzərdə tutulur. Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq. Keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər. Qanuna əsasən şəxsi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş prezidentin sərəncamında saxlanılır. Geri qayıt |