Əsas Səhifə > Cəmiyyət > İŞ AVROPA MƏHKƏMƏSİNDƏDİR

İŞ AVROPA MƏHKƏMƏSİNDƏDİR


5-10-2011, 16:06
İŞ AVROPA MƏHKƏMƏSİNDƏDİR

SƏİD DADAŞBƏYLİNİN YAXINLARI ŞİKAYƏTÇİDİR

“Səid Dadaşbəylinin qrupu”nun işi üzrə məhkum olunmuş beş nəfərin işi Avropa məhkəməsindədir. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirilən bugünkü mətbuat konfransında Dadaşbəylinin anası Qətibə Qarayeva bildirib. Onun sözlərinə görə, oğlunun və digər məhkum Mikayıl İdrisovun işi iki ildir ki, Avropa məhkəməsindədir. Üç nəfərin – Samir Hacıyev, Ceyhun Əliyev və Fərid Ağayevin işi Avropa məhkəməsinə bu il daxil olub. Onun sözlərinə görə, məhkumlar beş ilə yaxındır ki, həbsdədir (hökm 2007-ci il dekabrın 10-da çıxarılıb). Lakin indiyədək məlum deyil ki, onlar nəyə görə məhkum olunublar.

“Kifayət qədər ağır maddələrin olmasına baxmayaraq, cinayət işi materialları və məhkəmə çəkişməsinin özü cəfəngiyyatdır və saxtalaşdırmadır”, - o vurğulayıb.

“Biz dəfələrlə prezidentə, birinci xanıma, ombudsmana, beynəlxalq strukturlara, yerli hüquq müdafiəçilərinə müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Bizləri, məhkumların analarını və həyat yoldaşlarını bir məsələ düşündürür, bizim hüquq müdafiəçilərimiz nə üçün bir iş görmür? Nə üçün AŞ insan hüquqları üzrə komissarı Hammerberqin hesabatlarında onların adları çəkilmir?

Övladlarımızın işi əsil siyasi sifarişdir. Lakin onlar siyasi məhbus sayılmır”, - Q.Qarayeva bildirib.

Onun sözlərinə görə, onlar ombudsmanla, parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyət Aslanova, ABŞ səfiri Metyu Brayza ilə görüşüblər. Lakin bu görüşlərin də nəticəsi olmayıb.

M.İdrisovun anası Lyubov İdrisova qeyd edib ki, “övladlarımız bir neçə dil bilir, onların bəzisi xaricdə təhsil alıb, xarici şirkətlərdə çalışıb. Onlar dindardır, ədəbiyyatla maraqlanır. Məgər, bu cinayətdir?”.

Məhkumlar CM-in 274 (Vətənə xəyanət), 218 (cinayətkar birliyin yaradılması), 278 (hakimiyyətin zorla devrilməsi) və digər maddələrlə təqsirli bilinirlər.

İttihamlarda hətta “cəhd” sözü belə olmayıb. Hər şeyə törədilmiş fakt kimi baxılıb, baxmayaraq ki, heç kim hakimiyyəti devirməyib. “İnsanı hakimiyyətin zorla devrilməsində necə ittiham etmək olar ki, heç kim buna cəhd göstərməyib?. Biz indiyədək bilmirik ki, uşaqlarımızı nəyə görə tutublar”,- İdrisova bildirib.

Xatırladaq ki, “Dadaşbəyli qrupu”nun üzvləri (cəmi 11 nəfər) 2007-ci il yanavrın 13-də həbs olunublar. İşi MTN aparıb. Ağır Cinayətlərə dair Məhkəmənin hakimi Ənvər Seyidov onları uzun müddətə azadlıqdan məhrum edib. İki nəfər 12 il, 4 nəfər 13 il, daha 4 nəfər isə 14 il azadlıqdan məhrum olunub.


Geri qayıt