Əsas Səhifə > Gündəm, Manşet > QUBA RAYONU ƏL DƏYİŞDİRDİ

QUBA RAYONU ƏL DƏYİŞDİRDİ


5-03-2012, 11:54
QUBA RAYONU ƏL DƏYİŞDİRDİ

KƏMALƏDDİN HEYDƏROV QUBANIN KURATORLUĞUNU DA ƏLƏ KEÇİRDİ

DİA.AZ: - Neçə müddətdir ki, Astara gömrük idarəsində baş verən özbaşınalıqlarla bağlı sizləri məlumatlandırmaqdayıq. Bildirək ki, sözügedən quruma rəhbərlik edən «Rokfeller» ləqəbli Hikmət Məmmədov bu gün özünün topladığı sərvətdən aldığı gücün hesabına bir çoxlarına meydan oxuyur və hətta gömrük sistemini nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla hesablaşmadığı məqamların olduğunu da gizlətmir.

Bu barədə DİA.AZ-a daxil olan məlumatların birində deyilirdi ki, Quba rayonuna icra başçısı getmək niyyətinin olduğunu söyləyən Hikmət Məmmədov bu məqsədlə hətta 2 milyon manat pulu himayədarlarına ötürdüyünü də söyləyibmiş. İndi isə Qubada məlum olayların ardından Rauf Həbibovun icra başçısı postundan alınması ilə Hikmət Məmmədovun tamahlandığı vəzifə boş qalıb.

Hökumət içindəki mənbəmiz bu məsələ ilə bağlı maraqlı informasiyaları da redaksiyamıza çatdırıb: «Diqqət yetirin, Hikmət Məmmədov, Astara gömrük idarəsinin rəisi təxminən 2 ay əvvəldən Qubaya icra başçısı getmək niyyətini açıqlayır. Nədən başqa bir rayonu istəmir?»

Bunun kifayət qədər maraqlı olduğunu bildirən mənbəmizə görə, əslində hər şey Quba ilə bağlı planların qabaqcadan cızılması ilə bağlıdır: «Əgər Hikmət Məmmədov kimi ortaranqlı bir məmur Qubada başçı dəyişikliyini iki ay əvvəldən proqnozlaşdırırsa, deməli, hadisələr heç də iddia olunduğu kimi təsadüfən baş verməyib».

Mənbəmizə görə, Kəmaləddin Heydərovun Astara kimi mühüm bir sərhəd-keçid məntəqəsində əsas adamı olaraq xarakterizə olunan Hikmət Məmmədovun həqiqətən də Qubaya başçı kimi göndərilməsi gözləniləndir: «Əslində bu da planın bir hissəsidir. Kəmaləddin Heydərov demək olar ki, Qubanı ələ keçirmiş oldu. Və Hikmət Məmmədov əgər Qubaya başçı göndərilərsə, o zaman rayonun kuratorluğu Ziya Məmmədovdan alınmış olacaq».

Əldə etdiyimiz məlumatlardan o da bəlli olur ki, əslində mart ayının 2-dən etibarən Quba rayonu Ziya Məmmədovun əlindən alınaraq Kəmaləddin Heydərova verilib: «Artıq Qubaya da FHN şefi nəzarət edir və ona görə də Hikmət Məmmədovun icra başçısı olma şansları kifayət qədər böyükdür». Mənbəmizə görə, Hikmət Məmmədov amma son zamanlar Kəmaləddin Heydərovu yetərincə «qəzəbləndirdiyindən» gömrük rəisi Qubaya göndərilməyə də bilər: «Ola bilsin ki, bir başqa kadr tapılsın. Amma isənilən halda kimin rəhbər olacağını Kəmaləddin Heydərov müəyyən edəcək».


Geri qayıt