Əsas Səhifə > Sosial > DAHA BİR İŞ ADAMI TƏHLÜKƏDƏ

DAHA BİR İŞ ADAMI TƏHLÜKƏDƏ


3-03-2012, 13:56
DAHA BİR İŞ ADAMI TƏHLÜKƏDƏ

"ŞƏRURLU İSFƏNDİYAR"IN HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALDIĞI DEYİLİR

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev dünən maraqlı açıqlamalarla çıxış edib. İdarə rəisinin açıqlamalarının maraqlı bölümlərindən biri də ölkədə, xüsusilə paytaxt Bakıda son bir neçə ildə ciddi şəkildə tüğyan edən "tikinti fırıldaqçılığı" ilə bağlı olub. Söhbət vətəndaşların pullarını mənimsəyən tikinti şirkətlərindən gedir.

Kamran Əliyev bildirib ki, vətəndaşları aldadaraq pullarını mənimsəyən tikinti şirkətləri ilə bağlı cinayət işləri çox diqqətlə araşdırılır. İdarə rəisi daha sonra əlavə edib ki, əsas məqsəd tikinti şirkətlərinin vəzifəli şəxslərini cəzalandırmaqla bərabər vətəndaşlara vurulmuş ziyanın ödənilməsidir: "Bu sahədə kifayət qədər addımlar atılıb. Hesab edirəm ki, tikinti şirkətlərinin ziyan vurduğu bütün vətəndaşların hüquqlarının bərpa edilməsinə nail olacağıq".

Kamran Əliyev "Kamran" MMC ilə bağlı 5 nəfər, "Birlik İnşaat" MMC ilə bağlı 3 nəfər barədə həbs-qətimkan tədbirinin seçildiyini qeyd edib: "Digər belə tikinti şirkətlərinin vəzifəli şəxsləri barədə də həbs-qətimkan tədbiri seçilib".

Vətəndaşları aldadan tikinti şirkətləri ilə bağlı hüquqi ölçülərin götürülməsi barədə danışarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinin söyləmləri arasında ən diqqətçəkən məqam onun "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı ilə bağlı dedikləri olub. İdarə rəisi deyib: "İş adamı İsfəndiyar Axundovla bağlı cinayət işinin istintaqı aparılır".

Kamran Əliyev onui da bildirib ki, bu, "Kamran" MMC ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədardır: "Heç kim məsuliyyətdən kənarda qalmayacaq. Sübutlar əsasında qərar veriləcək".

Qeyd edək ki, İsfəndiyar Axundova "Şərur inşaat" MTK-nın prezidentidir. Hazırda 5 nəfərin həbs edildiyi "Kamran" MMC məhz "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamının "biznes imperiyası"na daxildir.

Vurğulamaq yerinə düşər ki, İsfəndiyar Axundov Azərbaycanın ən qalmaqallı iş adamlarından biridir. Onun haqqında mütəmadi olaraq mətibuatdan adının hansısa qanunsuz olaya qarışdığı barədə oxumaq mümkündür. Amma məsələ burasındadır ki, "Şərurlu İsfəndiyar"ın hökumət daxilində güclü himayədarlarının olması onu həmişə düşdüyü çətin situasiyalardan çıxarıb.

Bəs indi nə baş verir? İsfəndiyar Axundovun adı vətəndaşları aldatmaqda suçlandırılan şirkəti ilə bağlı istintaqın xüsusi diqqətlə aparılması və bunun rəsmi şəkildə açıqlanması hansı anlama gəlir?

Situasiyanın ümumi dəyərləndirilməsindən belə çıxır ki, artıq hətta himayədarları da iş adamının "nazzı ilə oynamaq" fikrində deyillər. Onun daim qalmaqallar içində olmasının özlərini də çətin duruma düşürdüyünü hiss edən həmin şəxslər artıq İsfəndiyar Axundovun arxasından çəkilmək qərarı vermiş ola bilərlər. Yəqin ki, elə bu da "Şərurlu İsfəndiyar" üzərində hüquqi ölçülərin götürülməsinə qaçılmaza çevirib.

Digər bir versiya isə ondan ibarətdir ki, hökumət kulislərində "Şərurlu İsfəndiyar"a qarşı xüsusi qəzəb yaranıb və bu qəzəb o qədər güclüdür ki, qalmaqallı iş adamının himayəçiləri belə, artıq onu müdafiə etməkdən, onu gözlənilən ağır nəticələrdən (bura təbii ki, aparılan istintaq sonucu İsfəndiyar Axundovun bütün biznesinin əlindən alınaraq "ofsayd"a salınmasından tutmuş həbsinə qədər ən müxtəlif sərt sonucların reallaşma ehtimalının yüksək olması daxildir) qorumaqdan vaz keçiblər, buna həvəs göstərmir, yaxud cəsarət etmirlər.

Hər iki versiyanın yaşamaq haqqı var. Onların hansının həqiqəti daha çox əks etdirməyindən, hətta ortada bizim bilmədiyimiz üçüncü, dördüncü, beşinci… versiyalarının var ola biləcəyi ehtimalından asılı olmayaraq, dünənki məlum açıqlamadan sonra İsfəndiyar Axundov barəsində "həbs zəngi"nin çalındığı mübahisəsizdir. Proseslər qalmaqallı iş adamı üçün heç də yaxşı istiqamətdə getmir. Hökumət xalqı yox yerdən ona qarşı çevirən, vətəndaşları narazı təbəqəyə döndərən tikinti şirkətlərini əfv etmək istəyindən uzaqda görünür, onlara qarşı bütün qanuni addımları atmaqda da israr edir.

Və deyəsən, bu istiqamətdə ilk "ciddi qurban" məhz İsfəndiyar Axundov olacaqdır.

“Unikal”


Geri qayıt