Əsas Səhifə > Sosial, Manşet > SAATLIDA YENİ "İŞ YERİ"- LOTOXANA

SAATLIDA YENİ "İŞ YERİ"- LOTOXANA


3-03-2012, 12:39
SAATLIDA YENİ "İŞ YERİ"- LOTOXANA

RAYONUN YERLİ İCRA STRUKTURLARI QANUNLARA NECƏ ƏMƏL EDİRLƏR?

DİA.AZ: - Azərbaycan Prezidentinin sərancamı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə fəaliyyət göstərən bütün növ qumarxanalar ləğv edilib. Hətta qumarxanalara rəhbərlik edənlər cinayət məsuliyyətinə cəlb olunurlar.Ancaq nədənsə ölkə başçısının sərəncamları əyalətlərə gedib çatmır. Çatsa da, bəzi harınamış rayon rəhbərləri Prezidentin sərəncamlarını qulaqardına vurur, bunun icrası ilə məşğul olmurlar. Belə olmasaydı, Saatlı rayonunda hamının gözü qarşısında fəaliyyət göstərən,hər gün dava - dalaş düşən lotoxana yığışdırılardı.

Saatlı rayonunda keçmişdə "Uşaq aləmi" kimi tanınan mağazanın binası təmir olunanda rayon sakinləri sevindilər. Onlara elə gəlirdi ki, burada yeni bir iş yeri açılacaq və onsuz da rayonda baş alıb gedən işsizlik problemi qismən də olsa, aradan qaldırılacaq. Ancaq sən saydığını say,gör rayon rəhbərliyi nə sayır. Təmir işləri başa çatandan sonra məlum oldu ki,bura qumarxana üçün yaradılb. Elə o vaxtdan da lotoxana fəaliyyətə başladı. Hər gün burada dava-dalaş düşür,kimlərsə döyülür,ağzı-burnu xəşilə dönür.Lotoxana da öz işində. Saatlıda yaradılmış "yeni iş yerində" işləyənlər isə haradansa başqa bir əyalətdən gələnlərdir. Çünki rayonda heç kim onları tanımır.

Maraqlıdır ki, Vergilər Nazirliyi hətta rayonun ən ucqar kəndlərində kimin hinində neçə toyuğun nə qədər yumurladığından da məlumatlıdır. Ancaq nədənsə Saatlı rayonundakı lotoxanadan "xəbərsizdir". Bakıda az qala hamının Saatlıdakı lotuxanadan (bağışla yın lotoxanadan) məlumatı olduğu halda, Vergilər Nazirliyinin Şirvan şəhərində yerləşən 5 nömrəli Ərazi Vergilər İdarəsinin əməkdaşlarının bu qumarxanadan xəbərsiz olması inandırıcı deyil. Görünür hər axşam qumarxanada yığılan haram pullardan Vergilər Nazirliyinin 5 nömrəli Ərazi Vergilər İdarəsinin işçilərinin də ağzı ...

Saatlı rayonu yeni iş yerlərinin yaradılmasına, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, idman yarışlarının təşkilinə görə bu gün respublikada ən geridə qalmış rayonlardan biridir. Mən deyərdim ki, birincisidir. Görünür belə qumarxanalar təşkil etməklə insanların başını qatırlar. Ancaq ölkə başçısı isə insanların məşğuliyyətinin artırılması üçün yeni iç yerlərinin yaradılması tələbini ortaya qoyub. Hətta regionların sosial-iqtisadi inkişafı dövlət proqramının da əsas prinsipi yeni iş yerlərinin yarad ılmasıdır. Kim bilir bəlkə Saatlı rayonunun rəhbərliyi yeni iş yerlərinin yaradılmasını lotoxanaların və digər qumarxanaların yaradılması kimi dərk edir. Hər halda Saatlı rayonunda lotoxana fəaliyyətini getdikcə genişləndirir.

Görürsünüzmü, Saatlı rayon rəhbərliyi Azərbaycan Prezidentinin sərəncamlarına, tövsiyə və tapşırıqlarına necə "ləyaqətlə" əməl edir. Rayon rəhbərliyi qumarxanaların fəaliyyətini genişləndirməklə yeni "iş yerləri" yaradır və yoxsulluğun aradan qaldırılması üçün bütün imkanlardan səmərəli istifadə edir.

Elxan Ağayev - Saatlı


Geri qayıt