Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL BİABIRÇILIĞI

HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL BİABIRÇILIĞI


3-03-2012, 12:34
HAKİMİYYƏTİN FÖVQƏLADƏ HAL BİABIRÇILIĞI

BU ÖLKƏ ÜÇÜN TƏKCƏ ZƏLZƏLƏ DEYIL, QAR, YAĞIŞ, KÜLƏK DƏ FƏLAKƏTDIR

Cari ilin qarlı-şaxtalı günləri bir daha göstərdi ki, ölkənin mövcud infrastrukturu, kommunal təsərrüfatları və onların maddi-texniki bazası nəinki təbii fəlakəti qarşılamaq, hətta adi iqlim dəyişikliyinin yaratdığı problemləri aradan qaldırmaq qüdrətində deyil. Yağıntının normadan artıq düşməsi ölkə əhalisində artıq indidən narahatlıq yaradıb: - Görəsən, yazda çaylar daşmayacaq ki?!

2010-cu ilin Kür fəlakətindən sonra çaylarda ehtimal olunan bolsululuq hökuməti də qayğılandırır. İctimai rəyi formalaşdırmaq, özlərini sığortalamaq üçün iqtidar sözçüləri tərəfindən tələm-tələsik dövriyyəyə cari il çay daşqınının qaçılmaz olacağı barədə informasiya sızdırılıb və məsuliyyətdən yayınmaq üçün bu, qlobal iqlim dəyişikliyi ilə əlaqələndirilir, son illər bir çox Avropa ölkələrinin də belə fəlakətdən əziyyət çəkdiyi vurğulanır.

Yada salaq ki, 2010-cu ilin yazında intensiv yağan yağışlar, habelə Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində ölkənin 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binası, 100 min hektar əkin və örüş sahəsi sel suları altında qalmış, təxmini hesablamara görə, 100 mindən artıq insana, eləcə də, müxtəlif səpkili təsərrüfatlara, iaşə və məişət obyektlərinə, həmçinin təhsil, səhiyyə ocaqlarına, infrastruktura böyük həcmdə ziyan dəymişdi. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən bəzi tədbirlərin, xüsusilə uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin bərpası, fərdi təsərrüfatlara dəyən zərərin hesablanması və ödənilməsinin yarıtmaz təşkili ilə bağlı ictimaiyyətdə kəskin narazılıq var. Artıq 100-dək ölkə vətəndaşı “Kür” Vətəndaş Cəmiyyətinin hüquqi yardımı ilə Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyi ilə məhkəmə davası açıb. Bu narazılıq ötən iki il ərzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanan on minlərlə məktubda da ifadə edilib. Kürdəmirdə 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş yığıncaqda hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Fəxrəddin Məlikov bildirib: “2010-cu ildə Kür çayının daşması və yağan güclü leysan yağışları nəticəsində vətandaşların evlərinə dəymiş ziyanlıqla əlaqədar köməklik göstərilməsi barədə 3460 ərizə və şikayət daxil olub ki, bu da daxil olan ümumi müraciətlərin 71,9 %-i təşkil edir. İmişli Rayon İcra Hakimiyyətindən isə belə müraciətlərin sayının 5 minə (!!!) yaxın olduğu bildirilir.
Sabirabad RİH başçısı Nazim İsmayılov illik hesabat yığıncağında deyib: “2011-ci il Sabirabad rayonu üçün 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ili kimi daxil olb. Təbii fəlakətdən ötən müddət ərzində rayonun ayrı-ayrı kəndlərində 1078 yeni ev tikilib, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınıb, hazırda 362 ev inşa olunur. 80 evdə bərpa-gücləndirmə işləri aparılıb, 12 sosial obyekt əsaslı təmir olunub. Fəlakət zonasında ziyan çəkmiş digər evlərlə əlaqədar tədbirlər davam etdirilir. ”Göründüyü kimi, 2011-ci il Sabirabad üçün “2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ili” kimi təqdim olunsa da, “digər evlər" ifadəsi də dilə gəlib. Deməli, fəlakətin nəticələri tam aradan qaldırılmayıb. Elə “şikayətçilər ordusu” da məhz həmin “digər evlərin” (onların sayı minlərlədir) sahibləridir. Bu adamlar tələblərini daha radikal formada - şəhərin mərkəzi meydanlarında aksiya keçirməklə bildirirlər. Halbuki ötən ilin mayın 5-də bu rayona səfəri zamanı ölkə Prezidenti ictimaiyyətlə görüşdə fəlakətin nəticələrinin tam aradan qaldırıldığını bildirmişdi.

Qəzalı evlərin sayı nə qədərdir?

Bəri başdan deyək: bu statistika heç kəsə məlum deyil. Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli, 197 saylı sərəncamında bərpası mümkün olmayan fərdi yaşayış evlərinin sayı 3205, bərpa-gücləndirmə işləri aparılmalı evlərin sayı 700, ziyan dəyməsi nəticəsində cari təmir edilməsinə zərurət yaranan evlərin sayı isə 3222 olduğu göstərilib. Əvvəlki araşdırmalarımızda biz müəyyən etmişdik ki, bu rəqəmlər yerli icra hakimiyyətləri tərəfindən tələm-tələsik təqdim olunan ilkin məlumatların ümumiləşdirilməsinə əsaslanır. Belə ki, rayon icra hakimiyyəti başçıları inzibati-ərazi vahidləri üzrə nümayəndələrindən xidməti sahələrinə daxil olan yaşayış məntəqələri üzrə real vəziyyətlə bağlı hesabat istəyib. Sonuncular isə dərhal öz müşahidələrinə, onlara çatan, yaxud maraqlarına cavab verən məlumatları “yuxarı” ötürüblər. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində 2012-ci ilin yanvarın 1-dək 2953 evin tikintisinin başa çatdırılması, daha 162 evin tikintisinin davam etdirilməsi barədə məlumat var. FHN həmçinin bu məlumatı da açıqlayıb: “Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 noyabr 2011-ci il tarixli, 389 saylı sərəncamına əsasən baş vermiş təbii fəlakətlə əlaqədar sonradan qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi üzrə işlər aparılır. Hazırda Sabirabad rayonunda 202, Saatlı rayonunda 100, İmişli rayonunda 100 ədəd, ümümilikdə 402 fərdi yaşayış evi sökülərək, yerində yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılmışdır.”
Bəzi istisnaları nəzərə almasaq, əslində, heç bir ev sonradan qəzalı vəziyyətə düşməyib, elə nə olubsa, məhz fəlakət baş verən ilk vaxtlarda olub. Sadəcə, ilkin açıqlanan məlumatlar reallığı əks etdirmədiyindən, bəzi evlərin sonradan qəzalı vəziyyətə düşməsi barədə yalan uydurulub və yeni sərəncamla büdcədən əlavə vəsait “qoparılıb”. Nə əvvəlki, nə də sonrakı evləri heç Kür də uçurmayıb, onların əksəriyyətini yağış yuyub, ya da elə əvvəldən “bir himə bənd” vəziyyətdə qəzalı olub. Diqqət edin: İmişli rayonunun yalnız 2 kəndi - Allahmədətli və Telişli Kür sularının altında qalıb. Həmin kəndlərin sakinləri üçün yeni qəsəbə salınıb və ümumilikdə 107 ev tikilib. Halbuki İmişli şəhəri çay daşqınından deyil, yağışdan, qrunt sularından əziyyət çəkib və burada 411 ev tikilib.

Minlərlə vətəndaş müraciətindən biri

İmişli rayonunun Cavadxanlı kəndində yaşayan Hüseynov Həsən Mikayıl oğlu dövlət başçısına yazdığı ərizədə bildirir: “Hörmətli Prezident! Mən təbii fəlakət baş verən ilk vaxtlarda Sizə, eləcə də, Fövqəladə Hallar Nazirliyinə və İmişli Rayon İcra Hakimiyyətinə yazılı surətdə müraciət etmişəm. Dövlət komissiyası tərəfindən rayonumuza ezam olunan nümayəndələr fərdi yaşayış evimə baxış keçirərək evin qəzalı vəziyyətdə olduğunu öz gözləri ilə görüblər. Lakin bunun heç bir nəticəsi olmayıb. Halbuki yaşayış şəraiti bizdən daha yaxşı olanlar üçün dövlət hesabına yeni evlər tikilib, yaxud onlara maddi yardım göstərilib. Çoxsaylı şikayətlərimdən sonra FHN-in Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov 18 noyabr 2011-ci ildə 25/26-07257 saylı məktubla mənə bildirib ki, sizin fərdi eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilib və bununla əlaqədar müvafiq tədbirlər görüləcək. Mən bilmirəm ki, “müvafiq tədbirlər” nədən ibarətdir və nə vaxt görüləcək, fakt olan budur ki, hazırda qəzalı vəziyyətdə olan evdə yaşamaqla həyatımız risk altındadır. Belə ki, ev istənilən vaxt uça bilər. Əlavə olaraq bildirirəm ki, mən təqaüdçüyəm, şəkərli diabetdən əziyyət çəkirəm, bu evdə oğlumun ailəsi də yaşayır və himayəmizdə 2004 və 2011-ci il təvəllüdlü 2 nəfər azyaşlı uşaq var. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Qanunun 16-cı maddəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmalıdır. Xahiş edirəm evimin son dərəcə qəzalı, ailə üzvlərimin risk altında yaşamağını nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında almaq üçün təcili tədbir görəsiniz”.

Azərbaycan insanı özünə ev tikə bilmir

Nə qədər dəhşətli səslənsə də, təbii fəlakətin baş verməsini tanrının zavallı ölkə vətandaşına rəhmi kimi qəbul edənlər də var. Nədən ki, üstümüzə axan neft milyardları, gündən-günə “şişən” büdcə indiyədək yola, körpüyə, tunelə, parka, heykələ, muzeyə... “axıdıldığından”, insanlarımızın evinə, süfrəsinə gəlib çıxmırdı. Mütəmadi artırılan əmək haqlarının, pensiya və müavinətlərin, sosial yardımların dəxli olmadığı insanlar, ailələr var. Onların bir çoxu hələ də istismar müddəti çoxdan ötmüş, yaxud qamışdan, torpaq doldurmadan tikilən, döşəməsi, tavanı olmayan evlərdə yaşayır. Yaşayış şəraiti dözülməz olduğundan və imkansızlıqları nəzərə alınaraq, belələri təbii fəlakətin qurbanı kimi qəbul edilib və dövlət hesabına yeni tikilən evlə təmin olunub. İnsafən deyək ki, bu adamların əksəriyyəti, ölkədəki bu vəziyyətlə heç vaxt özlərinə belə ev tikə bilməyəcəkdilər. Yaşayış yerinə baxış keçirən komissiya üzvləri qəza əlamətləri müəyyən etsin deyə hətta lom, kuvaltla öz evinin divarlarını “çapanlar” olub.
Biləsuvar RİH başçısı Mahir Quliyev bu yaxınlarda qəribə açıqlama verib: “Əhalinin sosial rifah halının yaxşılaşmasının və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2011-ci ildə rayonda 196 fərdi ev tikilmişdir.” 92 min nəfər əhalisi olan, son səkkiz ildə guya 18 mindən çox yeni iş yeri yaradılan bir rayon üçün bir ildə 196 ev nədir ki? Hələ biz orasını demirik ki, bu evlərin yarıdan çoxunun tikintisi ya Rusiyadan göndərilən baratlarla, ya da korrupsiyadan mənbə götürməklə başa gəlib. Şübhə yoxdur ki, bu rayonda ən azı 1960 (bu rəqəm 2, 3, hətta 5 dəfədən də çox ola bilər) ev tikilmək növbəsini gözləyir. Sadəcə, o uçuq daxma sahiblərinin yeni ev tikməyə imkanı yoxdur.
Hazırda FHN iki otaqlı bir evi 37 min manata tikir. Bu, məbləğ bir icra başçısının 57, müəllimin 185, poçtalyonun 336 aylıq əmək haqqına bərabərdir. Yemə, içmə, geymə, toya, yasa getmə, müalicə müəssisəsinə, istirahət düşərgəsinə ayaq basma, kommunal, nəqliyyat və s. xərc ödəmə, bir sözlə, qırağa bir qəpik çıxartma, yenə də əmək haqqı ilə ev tikməyə illər, on illər tələb olunur.
Bu yaxınlarda bir elana rast gəldim: “Şəkidə həyət evi satılır. Hamamı, tualeti, daimi suyu var.” Təsəvvür edirsinizmi, hamam və ya ayaqyolusunun olmağı, daimi su ilə təminat evin üstün cəhəti kimi təqdim olunur. Bu gün Azərbaycan insanının yaşadığı evlərin bir çoxunda elementar şərait yoxdur. Onları bu şəraitdən heç də dəli Kür məhrum etməyib. 100 minədək insanın həyatına bu və ya başqa şəkildə təsir edən Kür fəlakətinin nəticələrini aradan qaldırmaq üçün ayrılan vəsaitin “Evrovision” musiqi yarışmasına hazırlıq yolunda tökülən büdcə pulundan az olması düşündürücü faktdır.
Bu ölkə üçün, zəlzələ, daşqın qalsın bir yana, qar da, yağış da, külək də fəlakətdir. Yazının sonunda bu sətirləri qələmə aldığım, həyat yoldaşım və 5 yaşlı oğlumla birgə yaşadığım, düz 50 il əvvəl mərhum atam tərəfindən torpaq doldurmadan tikilmiş evimin şəkillərini təqdim edirəm - baxın, bu ev dövlət komissiyası tərəfindən qəzalı hesab edilməyib. Etiraf edim ki, 2010-cu ilin yazında kəndimiz çay daşqınına məruz qalmayıb, su göydən tökülüb. Amma bu yağışdan sonra kəndimizdə 13 ev “başını yerə qoyduğundan”, dövlət onları yenisi ilə əvəz etməyə məcbur olub, ən azı 50 ev isə bax bu kökdədir. Çox güman ki, onların əksəriyyəti növbəti güclü yağışdan, ya küləkdən salamat çıxmayacaq. Ən yaxşı halda, Nazirlər Kabineti daha bir sərəncam verə və FHN bu tikililəri “sonradan qəzalı vəziyyətə düşən evlər” siyahısına ala bilər. Bu gedişlə fəlakət davam edəcək və daha bir neçə il ərzində onun nəticələrini tam aradan qaldırmaq mümkün olmayacaq...

Azər Əli

Geri qayıt