Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOV ÜÇÜN ARZUOLUNMAZ MƏHKƏMƏ

MİSİR MƏRDANOV ÜÇÜN ARZUOLUNMAZ MƏHKƏMƏ


2-03-2012, 16:31
MİSİR MƏRDANOV ÜÇÜN ARZUOLUNMAZ MƏHKƏMƏ

ORXAN KƏRİMOVUN MÜHAKİMƏ GÜNÜ MƏLUM OLUB

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun məhkəməsinin vaxtı təyin olunub. Modern.az-ın məlumatına görə, məhkəmə martın 5-də saat 10:00 Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə başlayacaq.

Qeyd edək ki, Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanır. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülüb.

Bir müddət öncə 10 deputat O.Kərimovun zaminə buraxılması üçün ölkə başçısına müraciət etmişdi. Bunlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbas, Zahid Orucdur. Amma deputatların müraciəti cavabsız qalıb.
Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da ötən dekabrın əvvəlində Baş Prokurorluğa yazılı müraciət göndərərək Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.

Orxan Kərimov ötən ilin sonlarında həbsxanadan yazdığı məktubda bildirib ki, o, əsassız olaraq qanunsuz tələbə köçürmələri ilə bağlı cinayətdə suçlanır.

"2011-ci ilin iyun ayında mən həbs olunarkən 2009-cu ildə, yəni düz 2 il əvvəl (?!) rüşvət almağım ehtimalı əsas götürülmüşdü. Ortada isə konkret heç bir fakt və sübut yoxdur. Həbsim üçün əsas olaraq məşhur bir saxta sənəd alverçisinin, müxtəlif illərdə çoxsaylı vətəndaşları aldadaraq pullarını mənimsəyən və dələduzluğu heç istintaq üçün də sirr olmayan bir nəfərin hansısa qaranlıq məqsədlə (ehtimal ki, öyrədilərək) verdiyi ifadəsi götürülüb. Ən maraqlısı isə odur ki, bu şəxs “təhsil sahəsində xidmət göstərdiyi” vətəndaşlara özünü mənim adımla-Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Kərimov kimi təqdim edirmiş (?!). Aldanan vətəndaşlar yalnız telekanallarda yayımlanan operativ videogörüntülərdə bu şəxsin O.Kərimov deyil, əslində tamam başqa biri olduğunu başa düşüblər. Bu faktlar da istintaqa çox yaxşı məlumdur. Ancaq ən təəccüblüsü odur ki, istintaq məhz belə bir şəxsə inanaraq məni həbs edib, istintaq altında təcridxanada saxlandığım 7 ay ərzində bu şəxsin qərəzli ifadəsindən başqa mənim “cinayətimi sübut edəcək” başqa heç bir əsas və fakt tapa bilməyib. Mənim özüm isə bu şəxsi ilk dəfə yalnız həbs olunandan sonra müstəntiqin kabinetində görmüşəm"-deyə O.Kərimov yazıb.


Geri qayıt