Əsas Səhifə > Ölkə > RAUF HƏBİBOVUN HƏYAT YOLDAŞI DA DANIŞDI

RAUF HƏBİBOVUN HƏYAT YOLDAŞI DA DANIŞDI


2-03-2012, 14:43
RAUF HƏBİBOVUN HƏYAT YOLDAŞI DA DANIŞDI

“HAZIRDA RAUF MÜƏLLİMLƏ MƏN BAKIDAYIQ”

Martın 2-də “Media forum” saytının əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı postundan istefa verdiyi bildirilən Rauf Həbibovun mobil telefonuna zəng edib.

Telefon zənginə Rauf Həbibovun həyat yoldaşı cavab verib. O, Rauf Həbibovda qan təzyiqi olduğunu, buna görə də hazırda saytın suallarına cavab verə bilməyəcəyini söyləyib.

Rauf Həbibovun həyat yoldaşı bildirib ki, Qubadakı evləri yandırılan zaman orada kiminsə olub-olmadığını bilmir: “Mən bilmirəm hadisə vaxtı orda kimsə olub, ya yox. Hazırda Rauf müəllimlə mən Bakıdayıq. Oğlum və qızım isə ümumiyyətlə Azərbaycanda deyillər. Yəni ailə üzvlərimizdən heç kim xəsarət almayıb. Başqa məsələlərdən isə xəbərdar deyiləm”.

Həyat yoldaşının qənaətinə görə, Rauf Həbibov haqqında yanlış təəssüratlar yaradılır: “Əgər siz Rauf müəllimdən əvvəllər müsahibə götürmüsünüzsə, onda bilirsiniz ki, o, bu gün təqdim olunan işlərin yiyəsi deyil. O, elə insan deyil. Siz qubalılar deyirsiniz, amma bilirsinizmi ki, oradakı 10 maşından 9-u Bakıdan getmə idi”.

Həyat yoldaşı Rauf Həbibovun istefa ərizəsi yazıb-yazmadığı barədə məlumatsız olduğunu vurğulayıb.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. Axşam saatlarında icra başçısının istefa verdiyi açıqlanıb.

Bir neçə gün öncə internetdə Rauf Həbibovun çıxışının videosu yayılıb. Həmin çıxışda başçı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etiraz aksiyasına bu çıxış səbəb olub.

Rauf Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

2007-ci il oktyabrın 1-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Geri qayıt