Əsas Səhifə > Gündəm, Manşet > BAYRAQ MEYDANINDA MİLLİ AYRISEÇKİLİK

BAYRAQ MEYDANINDA MİLLİ AYRISEÇKİLİK


1-03-2012, 12:27
BAYRAQ MEYDANINDA MİLLİ AYRISEÇKİLİK

KÜRD FƏHLƏLƏR AZƏRBAYCANLI VƏ TÜRKMƏN FƏHLƏLƏRDƏN ÜSTÜN TUTULUR

DİA.AZ: - Redaksiyamıza hazırda Dövlət Bayraq Meydanının inşası ilə məşğul olan «Azenko» şirkəti ilə bağlı çox ilginc məlumatlar daxil olub. Bu barədə DİA.AZ-ı anonim qaydada məlumatlandıran sözügedən inşaatın fəhlələrindən biri bildirdi ki, onları şirkət rəhbərliyi qul kimi işlədir və eyni zamanda həmin inşaatda əməlli-başlı etnik ayrı-seçkilik siyasəti yürüdülməkdədir.

Həmsöhbətimiz bildirir ki, səhər saat 8-dən axşam saat 8-ə qədər onları qul kimi işlətsələr də, bir günlük qazancları 12 manatdan yuxarı olmur: «Hətta guya ki, hansısa normativlər pozduğumuz halda həmin 12 manatı da tam ala bilmirik. Bir saatımız 1 manata başa gəlir, bəzi hallarda 70-80 qəpik olur».

«Bununla bağlı rəhbərliyə şikayət edibsinizmi» sualımızın qarşılığında narazı fəhlə bildirdi ki, dəfələrlə bu cür hallara görə şikayət etsələr də, onları eşidən olmayıb: «Hətta bizə bildirirlər ki, maaşların az olmasında günahkar onlar deyil, Azərbaycan dövlətinin qanunlarıdır. Çünki qanunlara görə bir saatlıq işin müqabilində 1 manatdan artıq pul yaza bilməzlər. Hər halda, bizə belə deyirlər. Çünki başqa millətdən olanlara daha artıq pul yazılır».

Həmsöhbətimiz bildirir ki, onlarla bərabər eyni işi görən Türkiyədən gəlmiş kürd əsilli fəhlələrin bir günlük qazancı 40-50 manatdan az olmur: «Biz də bunu göstərib etiraz edəndə, bizi aşağılayırlar. Həmin kürd fəhlələr üçün ayrıca avtobuslar var. Onları işə aparıb-gətirir. Bundan əlavə, onlar üçün türk restoranlarından ayrıca yeməklər gəlir. Amma bizə belə bir şərait yaradılmayıb».

Narazı fəhlənin sözlərinə görə, dəfələrlə kürd fəhlələrə yaradılan şəraitdən də şikayət ediblər: «Amma yenə də bəhanə ediblər ki, bizim qanunlara görə biz az maaş alırıq. Amma yalandır. Çünki bizimlə bərabər Türkmənistandan gələn fəhlələr də işləyir. Onlar da bizim kimi az maaş alırlar və onlar üçün də ayrıca servis avtosbusu fəaliyyət göstərmir. Çünki onlar da kürd deyillər».

Artıq bütün bu ayrıseçkilikdən cana doyduqlarını bildirən narazı fəhlə bildirdi ki, şirkətin rəhbərliyinə vaxt qoyublar: «Əgər maaşlarımız artırılmasa, bizə də kürd fəhlələrə yaradılan şərait yaradılmasa, yolu kəsib etiraz aksiyası keçirəcəyik».

Mövzu diqqətimizdədir…


Geri qayıt