Əsas Səhifə > Ölkə > RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATDI

RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATDI


29-02-2012, 17:01
RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATDI

PREZİDENT SEÇKİLƏR ƏRƏFƏSİNDƏ GƏRGİNLİK DAHA DA ARTACAQ

Açıq Cəmiyyət Partiyasının lideri və yeni yaranmış Demokratiya Uğrunda Milli Müqavimət Hərəkatının mənəvi rəhbəri, eks-spiker Rəsul Quliyev ənənəvi müxalifəti sərt tənqid edib. ACP liderinin siyasi proseslərlə bağlı yazdığı “Demokratiyaya gedən yol” adlı məqaləsinin dördüncü hissəsi müxalifət düşərgəsində narazılıqla qarşılanıb.

Məqaləsində R.Quliyev bildirir ki, keçmiş SSRİ respublikalarının Azərbaycandan başqa hamısında 1990-cı illərin aktivistləri bu gün siyasətdə deyillər, siyasət meydanını yeni nəslə veriblər. Eks-spiker yazır ki, Azərbaycanda dəyişikliklərin baş verməməsinin, problemlərin səbəblərindən biri Azərbaycanda 1990-cı illərin aktivistlərinin hələ də siyasi səhnədə olmasıdır. Ona görə də onlar Azərbaycan naminə təcili istefa verməlidirlər. İmkan verməlidirlər ki, yeni fikirli, yeni ideyalı, cəsarətli addımlar atmağı bacaran qüvvələr irəli çıxsın.

Əslində ACP lideri doğru deyir. Azərbaycanın hazırkı müxalifətinin üzdə olan isimləri ötən əsrin 90-cı illərində Milli Azadlıq Hərəkatında olublar, siyasətə də hərəkatdan gəliblər. İctimai Palatada birləşən partiyalardan Müsavat və AXCP-nin siyasi vitrinində olan siyasilərin əksəriyyəti köhnə hərəkatçılardır. ADP-də, AMİP-də, BQP-də də həmçinin. Hazırda ana müxalifət adına iddia edən qurum İctimai Palatadır.

Rəsul Quliyev də əsasən İP-dəki siyasətçiləri hədəfə alıb. Siyasi müşahidəçilərin fikrincə, Rəsul Quliyevin bu məqaləsi prezident seçkiləri öncəsi qarşılıqılı piar kampaniyasının tərkib hissəsidr. Rəsul Quliyev çalışır ki, prezident seçkilərində namizəd olsun, ən azı müxalifətin əsas namizədi onun patronajlığı altında olan siyasi qüvvəni təmsil etsin. Ona görə də İctimai Palataya qarşı qara piara başlayıb.

Eks-spiker açıq mətnlə olmasa da, dolayı yolla bildirir ki, müxalifətin əsas problemi odur ki, intriqant siyasətçilər meydanı tutublar, ana müxalifət adına iddialıdırlar, gəncləri meydana buraxmırlar. Rəsul Quliyevin İsa Qəmbəri, Əli Kərimlini nəzərdə tutduğu heç kimə sirr deyil.

Amma bu fikirlərə müəlliflik edən Rəsul Quliyev bir məsələni nədənsə unudur, söhbət müxalifətin bu vəziyyətə düşməsinin əsas baiskarlarından birinin də elə Rəsul Quliyevin özünün olmasından gedir. Rəsul Quliyevin 1999-cu ildə Əbülfəz Elçibəyə qarşı hərəkətləri və bəyanatları, 2003-cü ildə müxlaifəti parçalayan addımları və nəhayət, 2005-ci il parlament seçkilərində tutduğu və müxalifəti böhrana salan rolu unudulmayıb.

Yəqin ki, İP təmsilçilərin də eks-spikerin bu mənfilərini qabardacaqlar. Ümumiyyətlə, tərəflər arasında söz atışmaları prezident seçkilərinə qədər davam edəcək və müxalifət daxilində qarşıdurmanı dərinləşdirəcək.


Geri qayıt