Əsas Səhifə > Gündəm, Manşet > ƏBÜLFƏS QARAYEVİN SAXTA HESABATI

ƏBÜLFƏS QARAYEVİN SAXTA HESABATI


29-02-2012, 11:53
ƏBÜLFƏS QARAYEVİN SAXTA HESABATI

GÖRƏSƏN, NAZİRİMİZ BU YOLLA KİMİ ALDATMAQ İSTƏYİR: DÖVLƏTİ, YA ÖZÜNÜ?

DİA.AZ: - Mədəniyyət və Turizm Nazirliyinin 22 fevraldakı kollegiya iclasında turizm üzrə bütün göstəricilər açıqlanıb. Son 5 ildə otellərin sayı iki dəfə artaraq müxtəlif səviyyəli 515 mehmanxana müəssisəsinə çatıb. Daha 45 otel tikilməkdədir. 2011-ci ildə Azərbaycana 1,8 mln turist gəlib. Əcnəbilərin səfəri dövlət büdcəsinə 966,3 mln manat gəlir gətirib. Hətta Ümumdünya Turizm Təşkilatı yerli məmurlara istinadən məlumat verir ki, 41% artım dünyada ən yüksək göstəricidir.

Rəqəmlər ayrı, real problemlər ayrı. İlk problem odur ki, hava limanında yüksək rüsum üzündən Azərbaycana gəlmək real turistə sərfəli deyil. Ekspertlər həmçinin adambaşına 36 manatı əsassız və şişirdilmiş sayır. ABŞ-da xidmətdən asılı olaraq hava limanı 12-15 dollar alır. Tbilisidən İstanbula aviauçuş 79 avrodur.

Ekspertlər hesab edir ki, bu seqmentdə qiymətlərin ucuzlaşmasına turizm bazarının iştirakçılarının daha dürüst təsnifatı kömək edə bilər. Bu gün 178 firmanın hamısı özünü turoperator kimi qələmə verir. Amma onların çoxu turist agentidir (müxtəlif xidmətlərin satıcısı və vasitəçi). Bu isə servisi bir dəfə yarım bahalandırır.

Məhz bu amillər ölkə vətəndaşlarını yerli kurortlardan çəkindirir. Ötən il Türkiyəyə gedən Azərbaycan turistlərinin sayı 470 min, Gürcüstana gedənlərin sayı 714 min 427 nəfər olub. Buraya rusiya və Ukrayna kurortları da əlavə edilsə, belə demək olar ki, Azərbaycan turist mübadiləsində uduzur. Ötən ilin payızında İsveçrənin turizm firmasının nümayəndəsi dedi ki, bu ölkə Azərbaycandan kütləvi turist gəlməsinə ehtiyac duymur, hətta VİP heyətin bir səfəri yetərlidir.

Xarici turistlər üçün daha bir problem viza alınmasındakı çətinlik və onların alınmasına XİN-in nəzarətidir. Əgər əvvəllər turist Heydər Əliyev adına hava limanında viza alıb pulunu ödəyə bilirdisə, indi Azərbaycan səfirliyi bir həftə sonra potensial turistə icazə verə və ya verməyə bilər. Bu baş ağrısına vaxt sərf etmək yaxşıdır, yoxsa Türkiyə və Gürcüstana getmək əlverişlidir?


Geri qayıt