Əsas Səhifə > Gündəm, Manşet > ARİF QARAŞOVUN “SONU” ÇATIR

ARİF QARAŞOVUN “SONU” ÇATIR


28-02-2012, 15:57
ARİF QARAŞOVUN “SONU” ÇATIR

SABİQ MƏMURUN ÖLKƏNİ TƏRK ETMƏK ZORUNDA QALDIĞI SÖYLƏNİLİR

DİA.AZ: - Bakıda fəaliyyət göstərən 21-ci əsr təhsil kompleksi əl dəyişdirir. Hazırda Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun nəzarətində olan bu təhsil kompleksinin tezliklə indiki sahibinə aid olmayacağı gözlənilir. Bu barədə adının çəkilməsini istəməyən mənbədən məlumat almışıq.

Xatırladaq ki, 2009-cu ildə Arif Qaraşov heç kimin gözləmədiyi halda görəvindən uzaqlaşdırılmışdı. Həmin il gözlənilmədən Qaraşovun rəhbərlik etdiyi Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti ləğv edildi. Bundan sonra xidmət eyni sərəncamla yeni yaradılan Azərbaycan respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərkibində Dövlət reyestri Xidməti kimi fəaliyyət göstərməyə başladı. Bir sözlə, Qaraşov mövqe savaşında ƏMDK sədri Kərəm Həsənova uduzdu.

Bundan sonra bir neçə dəfə Arif Qaraşovun vəzifə təyinatı alacağına dair xəbərlər yayıldı. Gah onun səfir göndəriləcəyi, gah da icra başçısı postuna təyinat alacağı iddia edildi. Amma aradan 3 il keçməsinə rəğmən keçmiş xidmət rəisinin ümidləri elə ümid olaraq da qaldı.

Bu yaxınlarda isə KİV-də belə iddialar səsləndi ki, artıq Arif Qaraşov yenidən hər hansı yüksək posta təyinat alacağına dair bütün gözləntilərindən vaz keçib. Görünür, yüksək dairələrdə Qaraşova qarşı hansısa xüsusi qəzəb var və onu asanca əfv etmək istəmirlər. Artıq sabiq xidmət rəisi də bu durumla barışmaq zorunda qalıb və ölkəni müəyyən müddətə tərk etmək istəyir. İddialara görə, Arif müəllimin Antalyada turizm biznesi var. Onun burada üç ulduzlu otel aldığı və yaxın adamları vasitəsi ilə işlətdiyi iddia olunur. Bildirilir ki, sabiq xidmət rəisi də Türkiyədəki biznesini daha yaxından kotrol və inkişaf etdirmək məqsədi ilə Antalyaya yerləşməyi doğru sayıb.

Eyni zaman onun buradakı biznesinin gələcəyindən də əndişə keçirdiyi gələn bilgilər arasındadır. Qeyd edilir ki, 21-ci əsr məktəb kompleksinin ardınca digər gəlir qaynaqlarının da nəzarətindən çıxacağından rahatsız olan sabiq xidmət rəisi onları sataraq biznesini tamamamən Türkiyədə formalaşdırmaq niyyətindədir.

Təəssüf ki, redaksiyya daxil olan bu məlumatların doğruluğunu təsdiqlətmək, yaxud hansısa dəqiqləşdirmə aparmaq üçün Arif Qaraşovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bununla belə, onun da mövqeyini dinləyib çap etməyə hazırıq.

Geri qayıt