Əsas Səhifə > Gündəm, Manşet > PARTLAMIŞ GƏMİ HANSI GENERALINDIR?

PARTLAMIŞ GƏMİ HANSI GENERALINDIR?


27-02-2012, 11:02
PARTLAMIŞ GƏMİ HANSI GENERALINDIR?

“HƏMİN YÜKSƏK VƏZİFƏLİ ŞƏXS DƏ GƏLİB TƏMİR İŞLƏRİ İLƏ MARAQLANIRDI”

DİA.AZ: - Xətai rayonunda "PTS" ("PTS") markalı "Mərdəkan" adlı balıqçı gəmisində baş verən partlayşla və insanların həlak olmasıyla bağlı zərərçəkən ailələrin adında M.Hacıyev dövlət başıçısına, güc nazirliklərinin rəhbərlərinə müraciət edib. Həmin müraciət DİA.AZ-a da göndərilib.

"Hörmətli cənab Prezident!

Sizə müraciət etməyimdə məqsəd 16 Fevral 2012-ci il tarixində yaxın qohumum Mehman Cəmil oğlu Hacıyevin faciəvi şəkildə həlak olmasıdır. Belə ki, Bakı şəhəri, Xətai rayonunda "PTS" ("PTS") markalı "Mərdəkan" adlı balıqçı gəmisində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir.

Nəticədə, gəmidə kayutun yanar konstruksiyaları 8 kv.m sahədə, kapitan körpüsü 5 kv.m sahədə yanmış və göyərtə 30 kv.m sahədə partlayış dalğasından dağılmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülsə də, yanğın yerinin kəşfiyyatı zamanı gəminin kapitanı - 1964-cü il təvəllüdlü Hacı Həsən oğlu Xanputayev, matros - 1965-ci il təvəllüdlü Maarif Bəyzadə oğlu Ağayev, mexanik - 1966-cı il təvəllüdlü Sahib Mirzə oğlu Beydullayev və mənim yaxın qohumum, qaynaqçı vəzifəsində işləyən 1960-cı il təvəllüdlü Mehman Cəmil oğlu Hacıyevin cəsədləri aşkar olunmuşdur. Rəhmətlik Mehman Hacıyev bildirirdi ki, çalışdığı gəminin heç bir sənədi yoxdur, gəmi tamamilə yararsız halda olub (Gəminin sahibi kimi hüquq mühafizə orqanlarında çalışan yüksək rütbəli məmurlardan birinin-generalın adı çəkilir. Lakin həmin generalın özü və ya onun çalışdığı qurumun Mətbuat Xidməti ilə əlaqə saxlaya bilmədiyimizə görə hələki adını çəkə bilmədik.Red.). Gəmi bir generala məxsus olsa da, gəmini onun Zaur adlı qohumu işlədir. Ara-sıra həmin yüksək vəzifəli şəxs də gəlib təmir işləri ilə maraqlanırdı.

Biz hadisə ilə ətraflı məlumat öyrənməyə çalışsaq da, istintaq orqanları ciddi-cəhdlə bizə məlumat verməkdən yayınır və bu cinayət hadisəsini ört-basdır etməyə çalışırlar. Məhz həmin vəzifəli şəxs öz statusundan istifadə edərək istintaq orqanlarına təzyiqlər edir, gəmidə baş verən cinayət hadisəsini ört-basdır etməyə çalışır. Halbuki gəmidə çalışanlar dəfələrlə həmin generala, onun yaxın qohumu olan Zaur adlı şəxsə işlədikləri gəminin istifadəyə yararsız olduğunu bildirmiş və hər an bu gəmidə bədbəxt hadisənin baş vermə ehtimalının olduğunu söyləmişlər.

İndi də bizim və gəmidə həlak olanların ailələrinə müxtəlif təzyiqlər edilir, həmin yüksək vəzifəli şəxsin yaxın qohumu olan Zaur adlı şəxs mütəmadi bizə zəng edərək, şikayət edəcəyimiz təqdirdə, yüksək vəzifəli qohumunun qəzəbinə tuş gələcəyimizi söyləyir. Halbuki ortada bir-neçə insanın həyatı dayanır.

Hörmətli cənab Prezident!

Son ümidimiz Sizədir! Siz həmişə öz sözünüzü demisiniz və haqq-ədalətin bərpa olunmasına nail olmusunuz. ümid edirik ki, məmur statusundan istifadə edərək, bir neçə ailəni başsız qoyan həmin şəxs və onun yaxın qohumu olan Zaur adlı şəxs barədə müvafiq tədbirlərin görülməsi barədə göstəriş verəcəksiniz. Bizi qorxu içində, daima təzyiqlər altında yaşamağımıza imkan verməyin, cənab Prezident!

Allah sizi qorusun!

Hörmətlə, Hacıyevlər ailəsi adından: M.Hacıyev"

Geri qayıt