Əsas Səhifə > Cəmiyyət > “TELEKANALLAR İNSANLARIN ƏXLAQINI POZUR”

“TELEKANALLAR İNSANLARIN ƏXLAQINI POZUR”


24-02-2012, 16:32
“TELEKANALLAR İNSANLARIN ƏXLAQINI POZUR”

“MƏTBUAT ÜÇÜN 2 -3 MİLYON MANAT HEÇ NƏDİR”

İndiki vəziyyətdə Azərbaycan jurnalistləri heç nə edə bilməzlər. Mənim və digər yoldaşların araşdırmaları onu göstərir ki, mətbuatın, hətta televiziya kanallarının 98-99%-i hakimiyyətin təsiri altındadır. Bunu müsahibəsində "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

- Azərbaycanda yazılı və elektron mətbuatın hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

- İndiki vəziyyətə qiymət vermiş olsam, təbii ki, ən aşağı, 2 qiymətini verərəm. Bəlkə ikidən də aşağı,-bəzən orta məktəbdə müəllimlər qiymət yazanda 2-dən də aşağı qiymət yazırlar, özü də qırmızı qələm ilə. Vəziyyət çox ağırdır. Burada mətbuatın fəaliyyəti ilə bağlı bütün amilləri götürəndə, bu, həqiqətən də belədir. Çünki Azərbaycan dünyada nadir ölkədir ki, çap və internet mediasının reklam bazarı yoxdur. Bu, mətbuatın bünövrəsini təşkil edən əsas amildir. Mətbuat kommersiya qurumudur. Birinci növbədə, onun üçün yaradılır ki, pul qazansın, həmin gəlir, vəsait isə inkişafa qoyulsun. Bu, mətbuat orqanının inkişafını təmin edən amildir. İndi mətbuatda reklam bazarı yox dərəcəsindədir. Azərbaycan mətbuatı üçün 2 -3 milyon manat prinsipcə heç nədir.

Dünya standartları var. Reklam bazarının həcmi mediada ümumdaxili məhsulun ən aşağı 1%-ni təşkil etməlidir. Əgər indi bizim ümumdaxili məhsul 50 milyard civarındadırsa, deməli, bu rəqəm 0.5 milyard təşkil etməlidir. Dünya praktikası göstərir ki, bunun yarısı TV-lərin payına düşür, qalanı isə çap və digər mətbu orqanların payına düşür. İndi biz deyə bilərik ki, Azərbaycanda reklam bazarının həcmi 250 milyon civarında olmalıdır. Bu da yoxdur. Olada bilməz. Çünki başqa bir məsələ də var. Mən onu araşdırmışam. Söhbət ondan gedir ki, bizdə ümumdaxili məhsulun 70%-ni neft təşkil edir. Dövlət Neft Şirkəti özünü reklam edəcək? Bəs qalanları? Qalanları da Azercell, Bakcell, Narmobile və digər başqa iri şirkətlərdir. Reklam bazarının təməlinin əsasını təşkil edən kiçik və orta sahibkarlıqdır.

Məsələn, Almaniyada iki sahibkar ümumdaxili məhsulun 97%-ni verir. Başqa ölkələrdə də təxminən belə vəziyyətdir. Bizdə isə, bu, yoxdur. Bizim iqtisadiyyatımız buna imkan vermir. Burda çox şey sadalamq olar. Ancaq obyektiv olaraq, Azərbaycan hakimiyyəti medianın müstəqil inkişafını təmin edə bilmir. Bu, real vəziyyətdir.

- Problemlərin həll edilməsi üçün, KİV-lərin rəhbərləri və əməkdaşları hansı tədbirləri görməlirlər?

- Çox çətindir. İndiki vəziyyətdə Azərbaycan jurnalistləri heç nə edə bilməzlər. Mənim və digər yoldaşların araşdırmaları onu göstərir ki, mətbuatın, hətta televiziya kanallarının 98-99%-i hakimiyyətin təsiri altındadır. Belə jurnalistikanı bir araya gətirmək, həmrəylik göstərmək, nəinsə uğrunda mübarizə aparmaq mümkün deyil. Son hadisələr - Əvəz Zeynallının həbsi, Rafiq Tağının ölümü, qəzetlərə qarşı məhkəmə iddiaları, mediaya qarşı başqa-başqa yürüşlər onu göstərdi ki, jurnalistləri bir araya gətirmək və nəsə etmək çətindir. Bu, aslılıqdan irəli gəlir. Bu subyektiv məsələdir. Vəziyyətə obyektiv baxanda, hesab edirəm, ölkədə vəziyyət dəyişməlidir ki, bizim də vəziyyətimiz dəyişsin. Mən bu fikri vaxtı ilə də demişəm, yenə də deyirəm. Biz iqtisadiyyatın, biznesin bir parçasıyıq və Azərbaycan biznesi azad olmalıdır ki, mediası da azad olsun. Bu, bir-birinə bağlı olan məsələlərdir. Bunsuz bunu etmək çox çətindir, mümkün deyil.

-Sizcə, dövlətin mətbuat sahəsində rolu nədən ibarət olmalıdır?

- Media dövlətlə cəmiyyət arasında birinci növbədə kommunikativ rol oynamalıdır. Qarşı tərəflərin bir-birinə mesajlarını çatdırmalıdır. İkincisi, bunları izah, təhlil etməlidir. Burda bir məsələ də var. Azərbaycan 20 ildir müstəqil dövlət qurub. Yeni bir mərhələdir. Biz çox şeyi yenidən qururuq. Burada Azərbaycan mediasının rolu quruculuq işlərinə dəstək verməkdən ibarət olmalı idi. Çox şeyləri izah etmək lazımdır. Xaricdən ən yeni təcrübələri gətirmək, onları izah etmək və sair. Mətbuat həm hökumət, həm də cəmiyyət üzərində ən vacib ictimai nəzarət funksiyasını da yerinə yetirməlidir. Burada başqa məsələlər də var. İqtisadi məsələlər var, qanunlar var, mənəvi və əxlaqi, dini məsələlər var. Çox aspektlər var ki, mətbuat mühüm rol oynamalıdır.

Çox çətin bir dövrdür. Hesab edirəm ki, mətbuatın burada rolu aparıcı olmalıdır. Deyirlər ki, mətbuat 4-cü hakimiyyətdir, belə bir vəziyyətdə mətbuat birinci rolda olmalıdır. Əgər o, rolu oynaya bilsəydi, ictimai nəzarət funksiyalarını yerinə yetirsəydi, Azərbaycanda korrupsiya da olmazdı, Azərbaycanda bütün sahələrdə böyük problemlər olmazdı və Azərbaycan tamamilə başqa bir dövlət olardı. Ona görə də hakimiyyət Azərbaycan mətbuatını bu günə salıb ki, o, ictimai qınaq funksiyasını yerinə yetirə bilməsin və bu səlahiyyətləri ona prinsipcə cəmiyyət verir.

-Məsələyə obyektiv KİV prizmasından yanaşsaq, ideal cəmiyyət necə olmalıdır?

- Bəşəri dəyərlər var. İdeal cəmiyyət bəşəri dəyərlərə uyğun qurulmalıdır və onun təməli olmalıdır. Hesab edirəm ki, belə olsa çox şey başqa cür olar. Məsələn, mənim Norvec Konstitusiyasında bir çox şey xoşuma gəlir. Onların Konstitusiyasının 1-ci maddəsində haqq deyir. Haqq, ədalət, düzgünlük. Hər şey haqq sözünün üstündə qurulub. Əgər əməllər əyridirsə, onda hər şey əyri qurulur. Onda kişik bir məsələdən böyük problemlər ortaya çıxır. Burda da medianın rolu çox vacibdir. Bizim peşə əxlaq kodeksimizdə üç prinsip var. Birincisi, həqiqətə xidmət, ikincisi, informasiya mənbələrinə hörmət, üçüncüsü, şərəf və ləyaqətə hörmət. Qeyd etdiyim kimi, birincisi həqiqətə xidmətdir, – budur bizim əsas rolumuz və funksiyamız.

-Son zamanlar internet-televiziyasının lisenziyalaşdırılması barədə söz-söhbət çoxalıb. Sizin bu problemə münasibətiniz necədir, dövlət bu sahəni tənzimləməlidirmi?

- Bizdə mövcud televiziya kanalları var və bunların tənzimlənməsinin Azərbaycan televiziyasının və cəmiyətinin nəyə gətirib çıxardığını görürük. Bir tərəfdən telekanallar şouya və bu cür başqa məsələlərə üstünlük verir. Hətta deyərdim ki, insanların əxlaqını pozur, dezinformasiya yayır, dezinteqrasiya edir, çaşdırır.

Hesab edirəm ki, bizim tamaşaçılar indi o qədər savadlıdılar ki, onlarda bu televiziya kanallarına qarşı çox böyük nifrət hissi var. Hesablamalara görə bu gün əhalinin təqribən 20%-i yerli kanallara baxır. Çoxları xarici kanallara baxmağa üstünlük verir. Bu cür lisenziyalaşdırmadansa, heç nə olmasa yaxşıdır. İndi nəinki internet TV kanalları, hətta TV kanalları da Milli Teleradio Şurasının (MTRŞ) və Prezident Administrasiyasının nəzarətindən azad etmək lazımdır. Bu hakimiyyət çalışır ki, İnternetə nəzarət etsin, amma buna imkan vermək olmz. Buna qarşı ciddi müqavimət olmalıdır. Bu gün daxildə də, xaricdə də bu müqavimət var. Hələlik bunun qabağı alınır. Bu mənada hesab edirəm ki, kim istəyir Azərbaycanda İnternet məkanı azad olsun, müdaxilə olmasın, ciddi mübarizə aparmalıdır.

- Siz ölkənin obyektiv KİV-lərindən olan «Тuran» İnformasiya Agentliyinin baş direktorusunuz. Hazırda ölkənin ən obyektiv mətbu orqanlarından olan bu agentliyi yaratmağa necə nail olmusunuz?

- "Turan" agentliyi yaradılanda, o zaman əsas məqsəd informasiya blokadasını yarmaq idi. O vaxt bizdə, Azərbaycanda, müstəqil informasiya kanalları yox idi. Ölkədən çıxan bütün xəbərlər TASS-ın (İTAR-TASS) xətti ilə çıxırdı, Azadinform da onun bir bölməsi idi və informasiya xaricdən bunların vasitəsi ilə Azərbaycana daxil olurdu. Yəni Moskvada, Bakıda süzgəcdən keçirilirdi. Ona görə də, xarici oxucuda obyektiv mənzərə yaranmırdı. Bu səbəbdən qarşıya müstəqil agentlik yaratmaq və xarici oxuyucuya Azərbaycan haqqında obyektiv informasiya ötürmək məqsəd qoyulmuşdu. O vaxt burada iki əsas mövzu var idi. Birincisi, Qarabağ problemi idi, ikincisi, Azərbaycanda gedən gergin proseslər, islahatlar. Biz bu cür başladıq fəaliyyətə. Əsas məsələ həqiqəti dünya ictimaiyyətinə çatdırmaq idi və biz buna nail olduq. Əsas istəkdir, o, varsa hər şey nəticə verər.

Azərbaycanda o zaman media sahəsində çalışan jurnalistləri cəlb etdik işə, nailiyyətlərimiz onu göstərdi ki, biz bu sahəni bilən təçkilatıq. Təəssüflər olsun ki, hakimiyyət bizim imkişafın qarşısını almaq üçün çox maneələr yaratdı və buna müəyyən qədər nail oldu. Biz Azərbaycana daha çox tövfə verə bilərdik. Məqsədimiz imkanımız daxilində dövlətə, cəmiyyətə xeyir vermək və ona düzgün istiqamətdə təkan vermək, inkişaf etdirmək idi. Biz medianın beynəlxalq normalarını əsas götürmüşdük, onları öyrənmişdik və onlara uyğun olaraq çalışırdıq. Ona görə də bizi beynəlxalq arenada qəbul edirdilər. Bu günə qədər “Turan”ı qəbul edirlər, bir mənbə kimi hörmət edirlər. Bu, vacib məsələdir. Hesab edirəm ki, uğurlardan da biri budur. Yəni sən düzünü deyəndə, həqiqəti çatdıranda sənə hörmət və inam olacaq. Bu, medianın uğurunu təşkil edən amillərdəndir.

- Sizcə, Azərbaycan mediası bu gün Ermənistan mediası ilə informasiya müharibəsini apara bilirmi?

- Açığını deyim ki, müharibə sözünü xoşlamıram. Çox böyük səslənir. Hesab edirəm ki, bizdə müharibə aparılmır. İndi ayrı-ayrı təşəbbüslər var, hətta biz indi partizan metodu ilə işləyirik. Dövlət səviyyəsində mane olmağa çalışırlar, lakin fikrimcə, bu, o qədər də uğurlu yol deyil. Elnur Aslanov demişdi ki, biz Ermənistan üzərində informasiya müharibəsini udmuşuq. Bilmirəm, nəyi udurlar, harda udurlar. Onu deyə bilərəm ki, təbliğat cəhətdən ermənilər kifayət qədər böyük təcrübəyə malikdirlər, daha da mütəşəkkil və aktiv işləyirlər. Rusiyaya baxanda görərik ki, onların Rusiya media məkanında iştirakı çox böyükdür. Elə təkcə “Regnum” agentliyini götürək. Bu, uzun müddət və düzgün aparılan siyasətin nəticəsidir. Biz tərəfdən isə pərakəndə işlər görülür. Kim kiçik bir iş görən kimi onu böyük uğur kimi, qələbə kimi qələmə verir. Bu sabun köpüyünə bənzər şeylərdir. Əslində, biz heç nə udmuruq və bu cür aparılan siyasətin nəticəsində heç nə udmayacağıq. Hələ ki, uğursuzluq davam eir. Biz müharibə aparmırıq, biz sadəcə öz işimizi görürük.

Bir məqamı da qeyd etmək istəyirəm. Bizim Ermənistan informasiya agentliyi ilə 20 ildir informasiya mübadiləmiz var. Dünya praktikasında çox nadir haldır. Biz müharibə dövründə belə informasiya mübadiləsi aparmışıq. Bizim apardığımız informasiya mübadiləsində elementlər var. Biz fikirlərimizi təhqirlə, təhdidlə deyil, faktlarla çatdırmalıyıq, sözümüzü düzgün deməliyik, inandırmalıyıq. Onun əlindən silahı almaq üçün dialoq aparmaq, danışmaq və bu yolla nəyəsə nail olmaq lazımdır. Hesab edirəm ki, bu mənada uğurlar var. Çünki bilirəm ki, erməni mediasında “Turan”nın kifayət qədər güclü mövqeyi var, çox sayda istinadlar edirlər. Bu, çox vacibdir, yəni biz sözümüzü deyə bilirik.

Geri qayıt