Əsas Səhifə > Cəmiyyət > MƏTBUAT ÜÇÜN DAHA BİR QADAĞA GƏLİR

MƏTBUAT ÜÇÜN DAHA BİR QADAĞA GƏLİR


22-02-2012, 15:34
MƏTBUAT ÜÇÜN DAHA BİR QADAĞA GƏLİR

UŞAQLARIN ÖZƏL HƏYATINDAN YAZMAĞA GÖRƏ CƏZA VERİLƏ BİLƏR

Uşaqların özəl həyatı ilə bağlı xəbərlər hazırlanarkən onlar haqqında şəxsi məlumatların verilməsi KİV-ə qadağan edilməlidir.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov Trend-ə bildirib ki, belə məlumatların mediada açıqlanması uşaqların hüquqlarını pozmaqla bərabər, onların inkişafına mənfi təsir göstərir.

Ekspert deyir ki, həm cinayətin qurbanı olmuş, həm də cinayət törətmiş uşaqlarla bağlı məlumatlarda onların ad, soyadlarının, ünvanlarının, foto və video görüntülərinin verilməsi uşaqların cəmiyyətdə tanınmasına səbəb olur.

Bu isə həmin uşaqların icmalarında, təhsil aldıqları məktəblərdə onlara qarşı mənfi imicin formalaşması ilə nəticələnir və uşaqların həyatında, psixologiyasında fəsadlar yaradır.

"Bu məlumatların yayımlanması, uşaqların cəmiyyətdə tanınması ilə bağlı olaraq, onların məktəbə getməsi problemə çevriləcək. Çox vaxt həmin uşaqlar məktəblərini, yaşadığı ünvanı dəyişmək məcburiyyətində qalırlar. Uşaqlar daim qorxu içində yaşayır ki, onları kimsə tanıya bilər. Bu isə onların normal inkişafına, həyat tərzi sürməsinə mənfi təsir göstərir", - Seyidov deyib.

Ekspertin sözlərinə görə, barələrində belə məlumatlar yayılan uşaqlar ailədən, cəmiyyətdən təcrid olunur, özlərinə qapanırlar. Bəzi hallarda isə gələcəkdə xoşagəlməz yollara əl atmağa məcbur olurlar, özlərinə qəsd edə bilirlər, güclü psixi sarsıntı keçirirlər.

"Onlarda somatik pozuntular baş verə bilər. Bu da nəinki həmin uşaqlara, digər ailə üzvlərinə də mənfi və uzunmüddətli təsir göstərir", - ekspert deyib.

Seyidov Uşaq Hüquqları üzrə QHT Alyansı adından KİV-lərdə və televiziyalarda belə məlumatların yayılmasının qarşısını almaq üçün dəfələrlə həmin qurumların rəhbərlərinə, Milli Televiziya və Radio Şurasına, Mətbuat Şurasına müraciət edildiyini deyib.

"Həmin müraciətdə qeyd olunub ki, bu qəbildən olan məlumatlar yayılarkən uşaqlar haqqında məlumatların verilməsi yasaqlanmalıdır. Lakin, indiyədək həmin müraciətlərə əhəmiyyət verilməyib. Bu, KİV nümayəndələrinin uşaq hüquqları ilə bağlı Konvensiyanın müddəalarından xəbərsizliyindən irəli gəlir. Həmçinin kütləvi informasiya vasitələrinin, internet portallarının, televiziyaların fəaliyyətini monitorinq edən qurumların fəaliyyətsizliyindən irəli gəlir", - ekspert deyib.

Seyidov bildirib ki, uşaqlar cinayətin qurbanı olduğu və cinayət törətdikdə onların adlarının, soyadlarının verilməsi, görüntülərinin yayımlanması qadağan olunmalıdır. Bu halda uşaqların ad və soyadlarının baş hərfləri yazılmalı, ya da şərti adlardan istifadə olunmalıdır.

Ekspertin sözlərinə görə, bu məsələ ilə bağlı Alyans adından hüquq-mühafizə orqanlarına, Təhsil Nazirliyinə, Ombudsmana, məhkəmələrə müraciət edilərək onlardan belə məlumatlar yayılarkən uşaqların adlarının açıqlanmasına imkan verilməməsi xahiş olunub.

O hesab edir ki, hüquq-mühafizə orqanları uşaqlarla bağlı məlumatları jurnalistə dolğun şəkildə versə də, jurnalist uşaqların adlarını, ünvanlarını, görüntülərini açıqlamamalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri Sənubər Əlizadə Trend-ə bildirib ki, bu hallarla bağlı Komitə tərəfindən də KİV rəhbərlərinə müraciət olunub.

Şöbə müdiri bildirib ki, Uşaq hüququları ilə bağlı Konvensiyanın və qanunvericiliyin tələblərini pozan jurnalistlər barədə onların çalışdıqları qurumların rəhbərləri ciddi ölçü götürməlidir.

Problemin həll olunması üçün Əlizadə jurnalistlər arasında bu sahədə maarifləndirməyə ehtiyac olduğunu deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi bu məqsədlə YUNİSEF ilə birgə jurnalistlər üçün təlim keçirəcək.

Mərhələli və mütəmadi şəkildə təşkil ediləcək təlimlərdə regionları təmsil edən jurnalistlər də iştirak edəcəklər.

Qeyd edək ki, bir neçə gün öncə Kürdəmir rayonundan 3 məktəbli qızın itkin düşməsi ilə bağlı məlumatlarda yeniyetmələrin adları, familiyaları, yaşadıqları ünvan, təhsil aldıqları məktəb və fotoşəkilləri bəzi KİV-lər tərəfindən açıqlanıb.


Geri qayıt