Əsas Səhifə > Cəmiyyət > “ƏSAS PROBLEM SU PROBLEMİDİR”

“ƏSAS PROBLEM SU PROBLEMİDİR”


21-02-2012, 17:09
“ƏSAS PROBLEM SU PROBLEMİDİR”

VİDADİ İSGƏNDƏRLİ VƏKİLDƏN İŞMARIŞ GÖNDƏRİB

Vəkil Yalçın İmanov 14 saylı Cəzaçəkmə Müəssisəsində vicdan məhbusları Vidadi İsgəndərli və Əhəd Məmmədli ilə görüşüb. Həbsxanaya fevralın 20-də baş çəkdiyini deyən vəkil “Media forum”saytına açıqlamasında məhbusların saxlanma şəraitindən xüsusi şikayətləri olmadığını vurğulayıb: “Ancaq Vidadi İsgəndərli xahiş etdi ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələri 14 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəksin. O, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının nümayəndələrini də müəssisəyə dəvət etdi”.

Vəkil deyib ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində müəyyən problemlər var: “Əsas problem su problemidir. Soyuq günlərdə ümumiyyətlə müəssisədə su olmayıb. İstilik sistemində də problemlər var”.

Ötən il avqustun 27-də Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ittihamlar bunlardır: seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə.

Müsavatçı Əhəd Məmmədli müxalif İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı hər iki məhbusu vicdan məhbusu kimi tanıyır.


Geri qayıt