Əsas Səhifə > Cəmiyyət > ATƏT-İN BAKI OFİSİ NARAHATDIR

ATƏT-İN BAKI OFİSİ NARAHATDIR


4-10-2011, 16:40
ATƏT-İN BAKI OFİSİ NARAHATDIR

“AZƏRBAYCAN XALQI DEMOKRATİYAYA LAYİQDİR”

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay 2 aprel məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlıya Səbail Rayon Məhkəməsinin çıxardığı hökmə münasibət açıqlayıb.

Səfir “Müsavat.com”a açıqlamasında deyib ki, ATƏT-in Bakı ofisi siyasi fəallar Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatdır: “Anladığımız qədər məhkum edilmiş siyasi fəallar birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Ümid edirik ki, apellyasiya məhkəməsi bu məsələyə Azərbaycan Konstitusiyası və ittiham olunan şəxslərin hüquqları, xüsusilə də effektiv hüquqi təmsilçiliyə dair ATƏT öhdəliklərinə tam uyğun olaraq baxacaq. ATƏT-in Bakı ofisi inanır ki, Azərbaycan xalqı ifadə və dinc toplaşmaq azadlıqları da daxil olmaqla fundamental hüquq və azadlıqlardan tam faydalanmağa layiqdir”.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.

Oktyabrın 3-də Səbail məhkəməsi 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində də hökmünü elan edib. Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Fuad Qəhrəmanlıya isə 2 müddətinə şərti cəza verilib.


Geri qayıt