Əsas Səhifə > Cəmiyyət > NARDARANDA KİMLƏR VƏ NİYƏ HƏBS OLUNUR?
NARDARANDA KİMLƏR VƏ NİYƏ HƏBS OLUNUR?21-02-2012, 14:52 |
KƏND SAKİNLƏRİ NƏLƏRİN BAŞ VERMƏSİNDƏN XƏBƏRSİZDİR Son günlər Nardaran kəndində həbsə alınan şəxslərin müdafiəsi sahəsində problemlər yaranıb. Bu haqda Turan-a Nardaran kənd ağsaqqallarından Natiq Kərimov bildirib. Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti üçün vəkil tutulmayıb. Bunun da əsas səbəbi pulsuzluqdur. Mətbuatda adları çəkilən vəkillərə gəlincə, onlar hökumət tərəfindən təyin edilib. “Bizə bu adamların nə üçün saxlanmaları, hansı cinayətin sahibi olduqları haqda hər hansı məlumat verilmir”, - N.Kərimov qeyd edib. Onun sözlərinə görə, saxlanılan şəxslərin bəzilərinə qarşı dövlətə xəyanət, bəzilərinə qarşı qanunsuz silah saxlamaq və narkotik maddədən istifadə etmək ittihamlarının irəli sürülməsi haqda məlumatları yaxınları yalnız mətbuatdan öyrənirlər. “Həbs edilənlərin qohumları bu məlumatları mətbuatdan öyrəniblər, onlara rəsmi açıqlama verilməyib. Saxlanılanların çoxu Qarabağ müharibəsində döyüşüb. Odur ki, onları dövlətə xəyanətdə ittiham etmək qəbuledilməzdir”, - N.Kərimov vurğulayıb. Xatırladaq ki, son iki həftə ərzində Nardaran kəndində, ölkənin bir sıra rayon və şəhərlərində dindarların yeni həbs dalğası başlayıb. 30-a qədər şəxsin saxlanması haqda qeyri-rəsmi məlumatlar var. Həbs edilənlərin əksəriyyətinin MTN təcridxanasında, yalnız bir neçə nəfərin Kürdəxanı təcridxanasında saxlandığı bildirilir. Saxlanılanlardan yalnız “Səhər” telekanalının əməkdaşı Anar Bayramlının vəkili var. Vəkil Anar Qasımov bu gün onunla görüşməlidir. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri bu həbsləri İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin nəticəsi sayır. Bəzilərinə görə, hakimiyyət bunu cəmiyyəti xof içində saxlamaq üçün edir. İran xüsusi xidmət orqanlarının Azərbaycanda terror hazırlamasına dair MTN-in bu il yanvarın sonunda verdiyi bəyanatdan sonra həbslər güclənib. Həbs olunanlar arasında iranpərəst mövqeyini gizlətməyən Nardaran sakinləri daha çoxdur. Qeyd edək ki, indiyədək hüquq-mühafizə orqanları həbslər və irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama vermir. Geri qayıt |