Əsas Səhifə > Sosial, Manşet > ABŞ FƏRHAD ƏLİYEV ÜÇÜN ADAM GÖNDƏRDİ

ABŞ FƏRHAD ƏLİYEV ÜÇÜN ADAM GÖNDƏRDİ


21-02-2012, 13:50
ABŞ FƏRHAD ƏLİYEV ÜÇÜN ADAM GÖNDƏRDİ

RƏSMİ VAŞİNQTONDAN KEÇMİŞ NAZİRƏ ƏLAHİDDƏ DƏSTƏK

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunmuş keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa çıxması məsələsi Qərbin xüsusi diqqət mərkəzindədir. Hətta bildirmişdik ki, bununla bağlı rəsmi Bakının da elə də ciddi təpgisi yoxdur və Fərhad Əliyevin adı Novruz Bayramı ərəfəsinə planlaşdırılan amnistiya aktında da yer ala bilər.

Amma deyəsən, Qərb dairələri Fərhad Əliyevin məsələsini boş buraxmaq istəmirlər və Azərbaycan hakimiyyətinin qəti qərarına əmin olmaq niyyətindədirlər. Diplomatik mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) çatan xəbərlərdən aydın olur ki, bir neçə gün əvvəl ABŞ tərəfindən Azərbaycana qeyri-rəsmi olaraq nümayəndə göndərilib.

Mənbəmiz bildirir ki, ABŞ Dövlət Departamentinin xüsusi elçisi Bakıda çox mühüm görüşlər keçirib: «Amerikalı qonaqla həm İran-Azərbaycan məsələsindəki gərginlik müzakirə olunub və həm də Azərbaycanın demokratikləşdirilməsi, vətəndaş cəmiyyətinin durumu, həbaleə siyasi məhbus mövzusu ciddi şəkildə dartışılıb».

Məlumata görə, Amerikanın xüsusi emissarı Bakıda olarkən Fərhad Əliyevin azadlığının vacibliyi üzərində ciddi şəkildə dayanıb və az qala bu məsələni rəsmi Vaşinqtonun Azərbaycan dövləti qarşısında tələbi kimi səsləndirib: «Məlumdur ki, Fərhad Əliyev Qərbin çox mühüm çevrələri ilə əlaqələdir. Hətta keçmiş nazir 2007-ci ildə barəsində qurulan məhkəmə istintaqı zamanı da bildirmişdi ki, o, məhz «Qərbin adamı» olduğuna görə, hakimiyyət daxilindəki Rusiya yandaşları tərəfinin hədəfinə çevrilib».

Mənbəmizin sözlərinə görə, elə buna görə də bu gün Qərb Fərhad Əliyevlə bağlı məqama daha həssasdır: «Doğrudur, keçmiş nazir 7 ildir ki, məhbəsdə saxlanılır. Amma bu müddət ərzində Qərbin Azərbaycana ərki çatacaq bir şərait yetişməmişdi. İranın ölkəmizə qarşı xüsusi fəallığı Azərbaycanın xarici siyasətində bir sıra yenilikləri vacib etdiyindən Qərblə ölkəmiz arasında yeni münasibətlər yaranmalıdır».

Bunu rəsmi Bakının yaxşı anladığını bildirən mənbəmizə görə, elə bu səbəbdən YAP iqtidarının Qərbin maraqlarına cavab verən bir sıra addımları atacağını təbii hesab etdi: «Eyni zamanda bu gün Azərbaycan «Avroviziya-2012» kimi mühüm bir yarışmaya da ev sahibliyi etməyə hazırlaşır. Əslində bu yarışma da Qərblə ölkəmizin yeniləşən münasibətlərinin, əməkdaşlığının təzahürü kimi qəbul edilməlidir».

Məlumatlarda o da deyilir ki, Fərhad Əliyevlə bağlı rəsmi Bakıdan əminlik alan ABŞ-ın xüsusi elçisi eyni zamanda ölkəsinin Azərbaycandakı səfiri məsələsi ilə bağlı da müəyyən danışıqlar aparıb.


Geri qayıt