Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏT TOTAL DƏYİŞİKLİKLƏRƏ GEDİR

HAKİMİYYƏT TOTAL DƏYİŞİKLİKLƏRƏ GEDİR


20-02-2012, 13:07
HAKİMİYYƏT TOTAL DƏYİŞİKLİKLƏRƏ GEDİR

MƏXFİ QAYDADA YAP İQTİDARININ YENİLƏŞMƏ PROQRAMI HAZIRLANIR

DİA.AZ: - Təbii ki, hazırki hakim komandanın fəaliyyəti və ümumilikdə olaraq, idarəetmə prinsipləri kimlərsə tərəfindən bəyənilməyə bilər ki, bu da təbii müxaliflikdir. İstənilən ölkədə hakimiyyət də var, bu hakimiyyətə müxalif olan qüvvələr də.

Və neçə müddətdir ki, hakim Yeni Azərbaycan Partiyası özünün siyasi iqtidarlılığını qorumaqdadır. Doğrudur, bu yolda baş verənlər, bir daha təkrarlayırıq, kimlərisə qane etməyə bilər. Amma istənilən halda «hakimiyyətin qorunub-saxlanılması üçün nələri etmək lazımdır» müstəvisində 19 illik YAP iqtidarı elə öz rəqiblərinə də əməlli-başlı dərs keçdi.

İndi isə yeniləşmə zamanıdır. Və artıq bu yeniləşmə üçün müvafiq tədarüklər görülür. Bunu isə hakim düşərgəyə yaxın çevrələr «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürüblər. Mötəbər mənbənin verdiyi xəbərdən belə aydın olur ki, daha bir neçə il üçün öz iqtidarlılığını qorumağı niyyət edən YAP hakimiyyəti çox genişmiqyaslı planlar üzərində baş sındırır ki, bu əsnada da xüsusi olaraq diqqətləri cəlb edəni hakim düşərgədə keçirilməsi nəzərdə tutulan kadr islahatlarıdır.

Mənbəmizin bilgisinə görə, çox ciddi islahatlar həyata keçiriləcək: «Bu günə qədər nüfuzu ilə hər kəsə meydan oxuyan iriranqlı məmurların da görəv başından alınması planlaşdırılır. Bir çoxları elə düşünür ki, məsələn, kifayət qədər oturuşmuş məmur obrazını canlandıran fövqəladə hallar naziri Kəmaləddin Heydərovu görəvindən ayırsan, hakim cinahda zəlzələ effektli silkələnmə ola bilər. Amma bu dəyişikliyin özü belə planlaşdırılır və heç bir təlatüm baş verməyəcək».

Məlumatlara görə, bir neçə iriranqlı məmurun və eləcə də onlarla icra başçısı və ayrı-ayrı vəzifə sahibinin bu ilin sonuna qədər görəvdən alınması nəzərdə tutulub: «Hər şey plan üzrə həyata keçiriləcək və bu gün təhlükə kimi xarakterizə olunan fiqurların özləri belə bu planın ağrısız şəkildə icrasında maraqlı olacaqlar. Əks halda, onlar yalnız vəzifələrini deyil, azadlıqlarını da itirə bilərlər. Hər halda, «dövlətlə dövlətçilik etmək olmaz» prinsipi bu məqamda daha çox işləyəcək».


Geri qayıt