Əsas Səhifə > Gündəm > KORRUPSİYA İLƏ MÜBARİZƏ RÜŞVƏTİ DƏ BAHALAŞDIRIB

KORRUPSİYA İLƏ MÜBARİZƏ RÜŞVƏTİ DƏ BAHALAŞDIRIB


14-09-2011, 16:43
KORRUPSİYA İLƏ MÜBARİZƏ RÜŞVƏTİ DƏ BAHALAŞDIRIB

ARTIQ KİMSƏ ANTİKORRUPSİYA TƏDBİRLƏRİNDƏN DANIŞMIR

DİA.AZ: - Bu ilin əvvəlində hakimiyyət dairələri Azərbaycanda korrupsiyaya qarşı total mübarizə aparacaqları barədə bəyanat verdikdən sonra bəzi addımlar atılsa da, sonradan vəziyyət tamam dəyişməyə başladı. Bildirək ki, həmin vaxt bir-neçə nəfərin həbs edilməsi və son günlərə qədər kimlərinsə həbs olunacağı barədə xəbərlərin yayılması müəyyən fonlar yaratmışdı.

Lakin son günlər baş verən hadisələr, ayrı-ayrı mənbələrdən daxil olan məlumatlar, habelə əhalidən daxil olan şikayətlər artıq antikorrupsiya tədbirlərinin başa çatdığını deməyə əsas verir. Belə ki, daxil olan məlumatlarda yerli məmurların vətəndaşlardan total şəkildə rüşvət topladığı və bir sıra layihələrin həyata keçirilməsi istiqamətində korrupsiyaya yol verdikləri vurğulanır. Həmin məlumatlarda deyilir ki, əgər əvvəllər hansısa kiçik işlərə görə elə kiçik məbləğlərdə rüşvət tələb olunurdusa, hazırda bu rəqəmlər xeyli artıb.

Redaksiyamıza şikayət edən vətəndaşlar isə deyirlər ki, korrupsiya ilə mübarizə aparıldığı barədə deyilənlər, artıq yerli idarə və müəssisələrdə sıradan bir hal kimi qəbul olunur. Onların sözlərinə görə, məmurlar bəzi mətləbləri bəhanə gətirərək daha çox rüşvət alır və onun həcmini artırmaqla məşğuldurlar. Hətta o da deyilir ki, rüşvət alan instansiyaların başında dayanan şəxslər açıq şəkildə qeyd edirlər ki, tapşırıq yuxarıdan gəlib və yığılan pullar da yuxarılarla bölüşdürülür.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərinin bir fon olduğu ilk gündən bəlliydi. Hakimiyyət ərəb dünyasında baş verənlərdən ehtiyat edərək, əhalinin könülünü almağa çalışırdısa, bunu həyata keçirmək məsələsində prinsipial deyildi. Elə bunun səbəbidir ki, bu gün vəziyyət tamam fərqli şəkil alıb.

P.S. Yaxın günlərdə hansı qurumların korrupsiyaya yenidən başladığı və onların nə qədər rüşvət aldığına dair geniş araşdırmanı oxuculara təqdim edəcəyik.

Geri qayıt