Əsas Səhifə > Sosial, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ YENİ HƏBSLƏR OLA BİLƏR

TƏHSİL NAZİRLİYİNDƏ YENİ HƏBSLƏR OLA BİLƏR


17-02-2012, 12:38
TƏHSİL NAZİRLİYİNDƏ YENİ HƏBSLƏR OLA BİLƏR

MİSİR MƏRDANOV BU DƏFƏ ŞAHRZA ƏLİYEVİ XİLAS EDƏ BİLMƏYƏCƏK

DİA.AZ: - Məlum olduğu kimi, keçən il Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimov korrupsiyada və fırıldaqda ittiham olunaraq həbs edildi. Təbii ki, bu həbs ölkədə böyük ajiotaj yaratdı. Amma həbslə bağlı kifayət qədər ciddi qaranlıq məqamlar da diqqətlərdən yayınmadı. Elə buna görə də hər kəs tanınmış şair Əli Kərimin oğlunun bu məsələdə böyük akulaların qorunması üçün «qurbanlıq» kimi seçildiyi qənaəti ilə razılaşmalı oldu.

Ona görə ki, Orxan Kərimov heç bir halda ən azından çalışdığı şöbənin rəhbərliyinin icazəsi və yaxud da məlumatı olmadan hansısa ciddi cinayət əməlinə yol verə bilməzdi. Bunun mümkün olmadığını hər kəs gözəl bilir. Xüsusən də söhbət təhsil naziri Misir Mərdanovun da imzasının yer aldığı qanunsuz tələbə köçürülməsi prosesindən getdiyi təqdirdə.

Xatırladaq ki, hələ də təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevi bu məsələ ilə bağlı ittiham edən olmayıb. Doğrudur, ittihamlar olub, amma mətbuat səhifələrində, rəsmən TN-nin şöbə müdirindən hətta ayın tarixini belə soruşmayıblar. Amma deyəsən, sona qədər durum bu şəkildə davam etməyəcək.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) təhsil nazirliyindəki qaynaqlardan ötürülən xəbərdən aydın olur ki, əslində ilk günlərdə Şahrza Əliyev də olayla bağlı mühakimə olunub: «Lakin son anda nazir Misir Mərdanov onu qurtarıb. Və qandallar yalnız Orxan Kərimovun qollarına vurulub. Əks halda, yəni Şahrza Əliyevin də həbs olunacağı təqdirdə təbii ki, hədəf arealının böyümə ehtimalları yüksək olduğundan Misir Mərdanov işə müdaxilə edəsi olub».

Mənbəmiz bildirir ki, Misir Mərdanov Şahrza Əliyevi qurtarmaqla, əslində hədəfi özündən yayındırıb: «Amma məsələ birdəfəlik qapanmadığından və mətbuatın bu prosesi xüsusi nəzarət altında saxlaması səbəbindən Misir Mərdanovun planları sona qədər qüvvədə qalmır. Artıq Şahrza Əliyevin də ən azından sözügedən cinayət işi ilə bağlı dindirilməsi planlaşdırılır».

Əldə etdiyimiz məlumatlara görə, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Şahrza Əliyevin dindirilməsi üçün hərəkətə keçiblər: «Təbii ki, Misir Mərdanov yenə də öz adamını qorumağa çalışacaq. Amma bu dəfə çətin alınsın. Çünki işə obyektiv baxılmayacağı təqdirdə bu hadisəyə beynəlxalq təşkilatların qarışması mümkündür. Hətta belə bir təklif də var ki, ümumiyyətlə, Orxan Kərimovla bağlı məsələni beynəlxalq məhkəmələr araşdırsın. Bu kimi məqamlar isə Şahrza Əliyev üçün heç də xoş aqibət vəd etmir».

Mövzu diqqətimizdədir…


Geri qayıt