Əsas Səhifə > Hadisə > “İRAN REALLIĞA UYĞUN OLMAYAN BƏYANATLAR VERİR”

“İRAN REALLIĞA UYĞUN OLMAYAN BƏYANATLAR VERİR”


16-02-2012, 18:24
“İRAN REALLIĞA UYĞUN OLMAYAN BƏYANATLAR VERİR”

SİYASİ XADİMLƏR İRANIN NOTASINI PİSLƏYİR

“İranın Azərbaycanın əleyhinə nota səsləndirməsi üçün əsaslar mövcud deyil. İstərdim ki, Azərbaycan-İran münasibətlərinə kölgə salacaq hər-hansı bir addım atılmasın. Amma, əsası olmayan notanın verilməsi istər-istəməz Azərbaycanla İran arasında formalaşmış mövcud və gələcəyinə böyük ümidlər bəslədiyimiz qonşuluq münasibətlərinə kölgə sala bilər”. Bu barədə YAP sədrinin müavini Əli Əhmədov Turanın sualının cavabında bildirib.

Onun fikrincə, İran Azərbaycanın yalnız qonşusu deyil. “İranla Azərbaycanın münasibətlərini müəyyənləşdirən digər amillər də var. Tariximizin çox oxşar cəhətləri, mədəni və mənəvi yaxınlıq, çoxlu sayda soydaşımızın, etnik azərbaycanlıların İranda yaşaması münasibətlərimizə xüsusi çalar və yaxınlıq gətirir”.

YAP sədrinin müavini hesab edir ki, Azərbaycan və İran münasibətlərinin azacıq da olsa korlanmasına səbəb olan addımlar atmamalıdır. “Biz İranla münasibətlərdə yaxın qonşuluqdan çıxış edirik”.

O, İranın kəşfiyyat xidmətinə bağlı insanların Azərbaycanda terror törətmək cəhdini pisləyir. “Terrora münasibət birmənalıdır. Terror aktlarının kimin tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan dövləti bunu pisləyir. Ərazimizdə hazırlanan terror hadisəsi ilə bağlı Azərbaycan dövləti həm vətəndaşlarının təhlükəsizliyi baxımından, həm də terror aktını hazırlayan qurumlara kəskin etirazını bildirir”, - deyə o qeyd edib.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Turan Agentliyinə bildirib ki, Azərbaycan İranla normal qonşuluq siyasəti aparmaq fikrindədir. “Ancaq İranın Azərbaycanın daxili işlərinə qarışmaq və Azərbaycanda olmayanları şişirtmək istiqamətindəki bəyanatları heç də münasibətlərə xeyir gətirmir. Azərbaycan daim İranla münasibətlərində obyektiv mövqe tutmağa çalışıb. Prezident Əliyev dəfələrlə İranla münasibətlərin yüksək səviyyədə olması barədə istəyini bildirib”.

Komitə sədri hesab edir ki, reallığa uyğun olmayan məlumatlara əsasən, Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. “Ümumiyyətlə, İran reallığa uyğun olmayan bəyanatlar verir. Azərbaycanın müstəqilliyinə xələl gətirən İran-Ermənistan münasibətləri inkişaf edir. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də İranla münasibətlərini normal saxlamaq fikrindədir”, - deyə o qeyd edib.


Geri qayıt