Əsas Səhifə > Cəmiyyət > “ONLARIN BİR NEÇƏSİNDƏ QICOLMALAR VAR”

“ONLARIN BİR NEÇƏSİNDƏ QICOLMALAR VAR”


16-02-2012, 17:57
“ONLARIN BİR NEÇƏSİNDƏ QICOLMALAR VAR”

NAZİRLİYİN İŞÇİLƏRİ SƏFİLLƏRƏ BAŞ ÇƏKİB

Şaxtalı hava şəraiti ilə əlaqədar Bakının beş rayonunda qurulmuş səyyar sığınacaqlarda yerləşdirilən səfillərdən 19 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Bakının Xəzər rayonunun Şağan kəndindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatında yerləşdirilib. APA-nın məlumatına görə, nazirliyin əməkdaşları jurnalistlərin iştirakı ilə həmin pansionatda yerləşdirilən səfillərə baş çəkiblər.

Pansionat direktorunun müalicə işləri üzrə müavini Leyla Mustafayeva bildirib ki, müəssisəyə yerləşdirilən 19 nəfər müayinədən keçirilib, onlarda əsasən soyuqdəymə, donvurma, dəri xəstəlikləri və yanıq yaraları aşkarlanıb: “Onların bir neçəsində tez-tez təkrar olunan qıcolmalar var. Hazırda bəzi xəstələrin müalicəsi və müayinəsi davam edir. Vəziyyəti ağır olan 8 nəfər karantində saxlanılır. Karantində olan səfillərdən biri 58 yaşlı qadındır. O, soyuqdəymədən müalicə alır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparat rəhbərinin müavini Elnur Kələntərli isə deyib ki, paytaxtın 5 rayonunda quraşdırılan müvəqqəti sığınacaqlarda 120-yə yaxın insana yardım göstərilib. Həmin günlərdə bu insanların 40-45 faizi sığınacaqlarda gecələyib. Onlardan 20 nəfərinin evsiz olduğu müəyyənləşib və bu səfillər pansionata yerləşdirilib. E. Kələntərlinin sözlərinə görə, xəstələrin müayinələri sabah başa çatacaq və onların müalicələri digər tibb müəssisələrində davam etdiriləcək. O, səfillərə bəzi hüquqi yardımlar, eləcə də onların yaşayış və işlə təmin olunmalarına köməklik göstəriləcəyini söyləyib.

E. Kələntərli hazırda Bakı şəhərinin yalnız Nərimanov rayonu ərazisində qurulan sığınacağın fəaliyyət göstərdiyini, qalanlarının isə ləğv edildiyini açıqlayıb: “Həmin sığınacaq bir həftə ərzində fəaliyyət göstərəcək və belə səfil adamların aşkara çıxarılmasına xidmət edəcək”.


Geri qayıt