Əsas Səhifə > Gündəm, Manşet > KİMLƏRƏ AMNİSTİYA VERİLƏ BİLƏR?

KİMLƏRƏ AMNİSTİYA VERİLƏ BİLƏR?


16-02-2012, 17:13
KİMLƏRƏ AMNİSTİYA VERİLƏ BİLƏR?

FƏRHAD ƏLİYEV BURAXILIR, ƏLİ İNSANOVLA BAĞLI İSƏ RƏDD CAVABI VERİLİB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığın bir addımlığındadır. Verilən xəbərdə deyilirdi ki, Fərhad Əliyevin məsələsi rəsmi Bakı qarşısında bir tələb kimi səsləndirilib və hakimiyyət çox çətin duruma düşüb.

Mənbəmizin söylədikləri: «Məsələ çox ciddidir və tələbi çox ciddi ünvan səsləndirib. Vəziyyət o şəkildədir ki, hətta əgər Fərhad Əliyev azadlığa buraxılmasa, o zaman «Avroviziya» yarışmasının təşkilatçıları Bakının ev sahibliyindən imtina edə bilərlər. Yəni söhbətin hansı ünvanlardan getdiyini təxmini olaraq hər kəs güman edə bilər».

Mənbəmiz bildirdi ki, Fərhad Əliyevin məsələsinin bu sərtliklə rəsmi Bakının qarşısında qaldırılması da səbəbsiz deyil: «Azərbaycan iqtidarı Fərhad Əliyevlə bağlı dəfələrlə beynəlxalq ünvanlara yalançı vədlər verib. Bunların hamısı yerli ictimaiyyətdən gizli tutulub. Və artıq qəti söz istənilir və hakimiyyətin may ayına qədər vaxtı qalıb. Hətta «Avroviziya» təşkilatçıları builki mahnı yarışmasının baş tutmamasına da hazırdırlar. Onlar bu halda heç də zərbə almayacaqlar və bu halda yalnız Azərbaycan hakimiyyəti beynəlxalq hədəfə çevriləcək və eyni zamanda bütün dünya qarşısında biabırçı bir mənzərə yaranmış olacaq».

Mənbəmiz sonda onu da bildirmişdi ki, ola bilsin Fərhad Əliyev bu ilin mart ayında buraxılsın: «Hər halda, rəsmi Bakının geri çəkilməkdən başqa bir yolu yoxdur».

Bu barədə reaksiyamıza daxil olan son məlumatlarda isə çox maraqlı məqamlar yer alıb. Hakimiyyətə yaxın qaynağın «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürdüyü xəbərdən aydın olur ki, keçmiş nazirin azadlığı ilə bağlı məsələ artıq həll olunub.

Xatırladaq ki, bu günlərdə Prezident Administrasiyasında növbəti "Amnistiya Aktı haqqında" layihənin hazırlanması barədə də məlumat yayılmışdı və xəbərdə deyilirdi ki, Amnistiya Aktının hazırlanması istiqamətində ekspertlərdən ibarət işçi qrup yaradılıb və bu qrupa aidiyyatı dövlət qurumlarının mütəxəssisləri cəlb edilib.

Sənədin nə zaman reallaşacığının dəqiq vaxtı bəlli olmasa da, hazırda amnistiyaya düşəcək müddəaların müəyyənləşdirilməsi üzərində ciddi iş gedir. "Amnistiya Aktı haqqında" layihə hazır olduqdan sonra sənəd Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim ediləcək. Növbəti amnistiyanın 5 mindən şox şəxsə şamil olunacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis Apratının rəhbəri Səfa Mirzəyev də jurnalistlərə Amnistiya Aktının qəbul olunacağını bildirmişdi. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. 2007 və 2009-cu illərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul edilib və bu amnistiya 20 minə yaxın məhkuma şamil edilib.

Redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, artıq gözlənilən amnistiya aktı ilə hazırda həbsdə saxlanılan bütün siyasi məhbusların azadlığa düşəcəyi tam olaraq dəqiqləşib: «Hətta hazırda İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunaraq həbs edilmiş məhbusların da azadlığa çıxma ehtimalları yüksəkdir. Ola bilsin ki, bununla rəsmi Bakı İrana jest etməyi də düşünür. Çünki son günlər Azərbaycan hakimiyyətinə aid dairələrdən Teranın könlünü alan açıqlamaların sayı artıb».

Mənbəmizin bildirdiyinə görə, yalnız keçmiş səhiyyə naziri Əli İnsanovun məsələsi dəqiqləşməyib: «Onunla bağlı tamam fərqli fikir mövcud olduğundan ola bilsin ki, keçmiş nazir sona qədər məhbəsdə saxlanılsın».

Geri qayıt