Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ NAZİR YENİ TƏŞKİLAT YARADIR

KEÇMİŞ NAZİR YENİ TƏŞKİLAT YARADIR


16-02-2012, 16:40
KEÇMİŞ NAZİR YENİ TƏŞKİLAT YARADIR

İSGƏNDƏR HƏMİDOV BU DƏFƏ GƏNCLƏRİ BAŞINA YIĞMAQ NİYYƏTİNDƏDİR

DİA.AZ: - Bir zamanlar AXCP daxilindəki mənasız ambisiya davasından usanan mərhum eks-prezident Əbülfəz Elçibəy ona qarşı gedən partiyadaşlarına xitabən «elə etməyin ki, gedim başıma gəncləri yığım, yenidən hamınızın üstünə gəlim» məşhur ifadəsini işlətmişdi. Yəni bununla mərhum Böyük Bəy gənclərə üstünlük verdiyini ifadə etmək fikrindən çıxış edirdi.

Elə Əbülfəz Elçibəyin prezidentlik dönəmində onun hökumətinin daxili işlər naziri olmuş və Elçibəyin ən yaxın silahdaşlarından hesab olunan İsgəndər Həmidov da deyəsən, mərhum sabiq prezident kimi düşünür. Bu barədə «Dünya» İnformasiya Aentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, bir müddət əvvəl aktiv siyasətdən getdiyini bəyan edən keçmiş nazir yenidən fəallaşmaq niyyətindədir.

Mənbəmizin söylədikləri: «Bu günlərdə İsgəndər Həmidov bir qrup fəal millətçi gəncə yeni təşkilatın yaradılması ilə bağlı göstəriş verib. Həmin təşkilat sırf olaraq millətçi ideyaya xidmət edəcək və son zamanlar Azərbaycan əleyhinə fəaliyyətdə xüsusi aktiflik nümayiş etdirən İrandakı fars-molla rejiminin qarşısında mobilləşən qüvvəyə çevriləcək».

Onu da qeyd edək ki, İsgəndər Həmidov hətta nazir olduğu dönəmlərdə belə Bütöv Azərbaycan davasına sədaqət baxımından Tehran üçün arzuolunmaz şəxs hesab olunurdu və bu gün keçmiş nazirin belə bir ovqatlı təşkilatın yaradılmasında maraqlı olması heç də təəccüblü deyil. Xatırladaq ki, antifars mövqeli İsgəndər Həmidov hətta zamanında onun rəhbərlik etdiyi Boz Qurd Partiyasının qərargah məsələsi müzakirə olunan zaman o dövrdə prezident olan Əbülfəz Elçibəydən «mən partiyama qərargah kimi İran səfirliyinin yerləşdiyi binanı istəyirəm» xahişində də bulunubmuş.

Məlumatlı mənbələrin bildirdiyinə görə, yeni təşkilatın adı Türk Gənclərinin Milli Alyansı olacaq: «Bu təşkilata kimin rəhbərlik edəcəyi hələ məlum olmasa da, artıq indidən xeyli sayda gənc millətçi keçmiş nazirin təlimatları əsasında səfərbər olunub».


Geri qayıt