Əsas Səhifə > Partiya > NAXÇIVAN CƏBHƏÇİSİNİN SAĞLIQ DURUMU AĞIRLAŞIB

NAXÇIVAN CƏBHƏÇİSİNİN SAĞLIQ DURUMU AĞIRLAŞIB


16-02-2012, 12:12
NAXÇIVAN CƏBHƏÇİSİNİN SAĞLIQ DURUMU AĞIRLAŞIB

ZEYNAL BAĞIRZADƏYƏ TƏZYİQLƏR DAVAM EDİR

İctimai Palatanın üzvü, AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoyun qardaşı Zeynal Bağırzadənin sağlıq durumu ağır vəziyyətdədir .O saxlandığı Naxçıvan MR qarışıq tipli cəzaçəkmə müəssisəsində bir neçə dəfə huşunu itirib. Bu barədə Turan-a Y. Bağırsoy məlumat verib. Onun sözlərinə görə, ona tibbi yardım göstərilsə də vəziyyəti getdikcə ağırlaşır. Yaxınlarının onunla görüşündə məlum olub ki, Z. Bağırzadənin sol tərəfi hərəkətsiz vəziyyətdədir. Bədənində şişliklər var, çəkisi sürətlə azalır, yaddaşı olduqca zəifləyib. “Qardaşımın xəstəliyinin nə olduğu barədə heç kim bizə heç nə demir. Onu müalicə müəssisəsinə aparmırlar, içəridə müalicə adı ilə iynə vururlar. Bunun nə olduğunu heç özü də bilmir. Şübhələnirik ki, onun yaddaşının zəifləməsinə səbəb vurulan iynələrdir. Onu qəsdən zəhərliyə və ya dəli edə, yaxud müxtəlif xəstəliklərə yoluxdura bilərlər. Çünki dəfələrlə bizə belə hədələr edilib”, - Y.Bağırsoy bildirib.

Yaxınları Z.Bağırzadənin təziyq altında olduğunu hiss edirlər. Onların sözlərinə görə, görüş zamanı onun danışacağından ehtiyatlandıqları üçün təkbətək görüş verilmir.

Z.Bağırzadənin vəkili Asabəli Mustafayev Turan-a bildirib ki, Naxçıvan MR Prokurorluğunda aparılan istintaq işi yekunlaşıb və məhkəməyə göndərilib. Fevralın 17- də MR Ağır Cinayətlərə dair Məhkəmədə hazırlıq iclası keçiriləcək.

Z. Bağırzadə 2011-ci il dekabrın 26-da həbs olunub. Naxçıvan MR Prokurorluğu onun barəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq maddələrilə cinayyət işi qaldırıb.


Geri qayıt