Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇILARI İLƏ BAĞLI QƏRAR VERİLDİ

İCRA BAŞÇILARI İLƏ BAĞLI QƏRAR VERİLDİ


16-02-2012, 12:03
İCRA BAŞÇILARI İLƏ BAĞLI QƏRAR VERİLDİ

10 MART TARİXİNDƏN ETİBARƏN BAŞÇILARIN «YARPAQ TÖKÜMÜ» START GÖTÜRÜR

DİA.AZ: Neçə müddətdir ki, hakimiyyətin icra başçıları ilə bağlı yeni tarama əməliyyatına start veriləcəyi ilə bağlı məlumatlar mətbuat səhifələrində dolaşsa da, hələlik bu yöndə heç bir hərəkətlənmə baş verməyib. Lakin redaksiyamızın hökumət içindəki qaynaqlardan əldə etdiyi bilgilərdən aydın olur ki, artıq qərar verilib və bu ilin mart ayının 10-dan etibarən bir neçə rayonun icra başçısının vəzifəsindən alınması prosesinin start düyməsi basılacaq.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlara görə, adları «qara siyahıya» düşən icra başçılarının kimlikləri məlumdur: «Keçən il də bir neçə icra başçısı vəzifəsindən uzaqlaşdırıldı. Lakin onların əksəriyyəti yenidən başqa bir rayona transfer olundular. Amma bu dəfə baş verən dəyişikliklərdə «vurulacaq» başçılardan yalnız bəzilərinin yeni vəzifəyə təyin olunması söhbəti gedir. Yerdə qalanlar vəzifələrini birdəfəlik itirmiş olacaqlar».

Mənbəmiz adları «qara siyahı»da olan icra başçılarının kimlikləri barədə də məlumat verib. Həmin rayon rəhbərləri aşağıdakılardır:

Abidin Fərzəliyev - Nərimanov rayon icra hakimiyyətinin başçısı;

Razim Məmmədov - Xətai rayonunun icra hakimiyyətinin başçısı;

Alı Qocayev - Binəqədi rayon icra hakimiyyətinin başçısı;

Şəmsəddin Xanbabayev - Xaçmaz rayon icra hakimiyyətinin başçısı;

Vilyam Hacıyev - Samux rayon icra hakimiyyətinin başçısı;

Mübariz Ağayev - Mingəçevir şəhər icra hakimiyyətinin başçısı;

Mərdan Camalov - Şirvan şəhər icra hakimiyyətinin başçısı;

Tofiq Zeynalov - Tovuz rayon icra hakimiyyətinin başçısı.

Maraqlıdır ki, siyahıda keçən il Neftçala rayonuna icra başçısı təyin edilmiş İsmayıl Vəliyevin də adı var. Xatırladaq ki, İsmayıl Vəliyev buna qədər Qobustan rayonuna rəhbərlik edirdi və onun adının bir illik dövr ərzində «vurulacaq» icra başçılarının siyahısına düşməsi heç də təsadüfi hesab olunmamalıdır. Çünki bu günlərdə rayon ərazisində çox ciddi korrupsiya skandalı yaşandı ki, hələ də həmin qalmaqala görə İsmayıl Vəliyevin silisə çəkildiyi bildirilir.

Mənbəmiz onu da vurğuladı ki, adları siyahıda olan Xaçmaz və Şirvanın icra başçılarının isə yeni vəzifəyə təyin edilməsi gözlənilir: «Şəmsəddin Xanbabayevin kimlərə bağlı olduğu hər kəsə məlumdur. Və bu adam hətta konkret olaraq bir sahibkarın ölümündə ittiham olunmasına rəğmən yenə də görəv başında qalırsa, deməli, onun yeni təyinat ala biləcəyi ilə bağlı yayılan məlumatlar da doğrudur».

Daha sonra məlumatlı mənbə Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı, hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalovun da yeni vəzifəyə gətiriləcəyini idda edir: «Mərdan Camalov üçün həm Bakı meri postu və həm də Prezident administrasiyasında şöbə müdiri vəzifəsi nişan verilib. Onun hansı vəzifəyə gətiriləcəyini zaman göstərəcək».


Geri qayıt