Əsas Səhifə > Ölkə, Manşet > “HEÇ KƏS MƏNƏ HEÇ NƏ EDƏ BİLMƏZ”
“HEÇ KƏS MƏNƏ HEÇ NƏ EDƏ BİLMƏZ”15-02-2012, 16:28 |
FIRILDAQÇI ŞİRKƏTİN SAHİBİ ALDATDIĞI SAKİNLƏRƏ MEYDAN OXUYUR “Fuad-LTD” tikinti şirkətinin mənzil tikintisi adı ilə aldatdığı müştərilər çərşənbə günü Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) mətbuat konfransı keçiriblər. “Fuad-LTD” 2005-ci ildə Xırdalanda müştərilərə 14 mərtəbəli, 9 bloklu və 505 mənzildən ibarət bina tikməli və 2007-ci ildən dən paylamalı imiş. Amma 7 ilə binanın cəmi 3 blokunun beton karkasları qaldırılıb. Qalan 6 blokun təməli belə qazılmayıb. Tikilməyən binaya görə 200-ə yaxın müştəri aldadılıb. Şirkətin müştəriləri aldatması haqda bütün rəsmi instansiyalara müraciət olunsa da cavab yoxdur. Ölkə prokurorluğu əməlində cinayət tərkibi olmadığı üçün şirkətin rəhbəri Qasım Məmmədovu həbs etməyin mümkün olmadığını bildirib. Pulların müştərilərə qaytarılması haqda Abşeron Rayon Məhkəməsinin 2011-ci ildə çıxardığı qərar icra edilməyib. “Mən bu yeri almaq, evi tikmək üçün hamıya pul vermişəm, odur ki, heç kəs mənə heç nə edə bilməz”, - Q.Məmmədov müştərilərə meydan oxuyur. Müştərilər şirkətə 8-10 milyon manat vəsait ödəyiblər. Mənzillərin hər kv. metri 290-650 manat arasında dövr edib. Vətəndaşları mənzil tikintisi adı ilə aldadan bir çox şirkətlər var. Ölkə mətbuatında 20-dən çox belə şirkətin adı çəkilir. İndiyə qədər vətəndaşları mənzil tikintisi adı ilə aldadan "GEN", "Kamran B.Ə", "Mur-Ay"və s. şirkətlərin dələduzluqları və bu şirkətlərdəki həbslər barədə mətbuatda xeyli yazılar olub. Müştərilər belə halların ölkədə təkcə mənzil tikinti şirkətlərinə yox, bütünlükdə özəl iqtisadi qurumlara etimadı heçə endirdiyini bildiriblər. Belə dələduz şirkətlər layiqli cəza almadıqca bu sahəyə etimadın normal olmayacağı bəyanatını veriblər. Müştərilər məhkəmə qərarını yerinə yetirməkdən yayındığı üçün Abşeron Rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinin Q.Məmmədov barəsində cinayət axtarışı qaldırmasına baxmayaraq, Bakı polisi bu adamı tapa bilmədiyini bəyan edir. Q.Məmmədovun “Fuad-LTD” adlandırdığı şirkət oğlunun adınadır. Oğlu bir müddət şirkətdə müştərilərdən pul yığmaqla məşğul olub. Hazırda isə MTN-in əməkdaşıdır. Müştərilər bütün instansiyalara müraciət etdiklərini, müsbət hal olmadığı üçün kütləvi aksiyaya hazırlaşdıqlarını bildiriblər. Həm də digər tikinti şirkətlərinin aldatdıqları çoxsaylı müştərilərlə birgə aksiya keçirmək niyyətində olduqlarını nəzərə çatdırıblar. Geri qayıt |