Əsas Səhifə > Gündəm, Manşet > VİCDAN MƏHBUSLARINDAN ŞOK MƏKTUB

VİCDAN MƏHBUSLARINDAN ŞOK MƏKTUB


15-02-2012, 13:53
VİCDAN MƏHBUSLARINDAN ŞOK MƏKTUB

2 APREL DUSTAQLARI 16-CI KOLONDAKI BİABIRÇILIQLARI İFŞA ETDİLƏR

DİA.AZ: - Hazırda 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan 2 aprel məhbuslarından olan Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazov redaksiyamıza bu CM-də baş verən qanunsuzluqları ifşa ediblər. Vicdan məhbuslarının DİA.AZ-a ünvanladıqları məktubu olduğu kimi dərc edirik:

“Əvvəla, onu xüsusi olaraq bəyan etmək istəyirik ki, biz nəinki cinayət, hətta inzibati xətalar məcəlləsinin maddələriylə tövsib ediləcək pozuntular belə törətməsək də Azərbaycan məhkəmələri siyasi sifariş əsasında bizi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.

İstər istintaq təcridxanasında, istərsə də cəzaçəkmə müəssəsində rejim qaydalarını həmişə gözləmişik, həm müəssisənin işçi heyyəti ilə, həm də məhkumlarla həmişə qarşılıqlı hörmətmünasibətində olmuşuq, haqqımızda heç bir tənbeh tədbiri görülməmişdir. Lakin hal-hazırda cəza çəkdiyimiz 16 saylı cəzaçəkmə müəssəsində elə bir vəziyyət hökm sürür ki, burada məhkumların hüquqlarından söhbət belə gedə bilməz. Həbsxana rəhbərliyi məhkumlara qarşı qeyri-insani münasibət bəsləyir. Belə ki, müəssisənin 200-250 məhbus saxlama imkanı olduğu halda 700-ə yaxın məhbus saxlanılır. Hər bir məhbus üçün ən azı 4 kv. m. yer nəzərdə tutulsa da, burada bu sahə heç 1.5 kv.m. də etmir.

- Yataqxanalara yerləşdirilən çarpayılar elə vəziyyətdədir ki, rahat yatmaq qeyri-mümkündür. Yatacaq ləvazimatlarının isə insan üçün nəzərdə tutulduğunu söyləmək mümkün deyil.

- Məhbuslara verilməli olan geyim, yatacaq ləvazimatları, sabun və digər təmizləyicilər, sadəcə nəzərdə tutulmuş bir neçə məhbusa verilir.

- Məhbusların yemək yemələri və asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan yerin hər tərəfi açıq olduğundan içəri soyuq, dam örtüyündən su damdığı üçün yer daim su olur. Hər gün sadəcə çörək yediyin vaxtlarda burada olmağın kifayət edər ki, sağlamlığını itirəsən. Müəssisə rəhbərliyi bu problemin həll olunmasında ona görə maraqlı deyil ki, daha doğrusu, bu şəraiti özləri yaradırlar ki, həbsxananın həyətində düzəldib məhkumlara hər birini 150-200 manata icarəyə verdikləri "balaca evlər"dən əldə etdikləri gəlir əldən çıxmasın. Həbsxana rəhbərliyinin bu cinayəti səbəbindən müəssisədə cəza çəkən 700-ə yaxın məhbusun təxminən 600-ə qədəri hər gün işgəncəyə məruz qalır.

- Televizora baxmaq üçün nəzərdə tutulmuş klubdan ancaq soyuducu kimi istifadə mümkündür.

- Yaxınlarımız görüşə gələrkən gətirdikləri qəzetlərin bizə verilməsinə icazə verilmir.

- 700-ə yaxın məhbus üçün həftənin yalnız 2 güü hamamdan pulsuz istifadə etməyə şərait yaradılıb.

- Məhbusların paltarkarını yumaq üçün nəzərdə tutulan paltaryuyan maşın sadəcə kimlərinsə istədiyi vaxt işləyir və pullu fəaliyyət göstərir. MƏhbusların özlərinin yuduqları paltarları qurutmağa imkanları yoxdu. Çünki, həbsxananın hər bir bucağında kirayə evlər fəaliyyət göstərir.

- Yataqxanaların qapıları saat 22:00-dan tezdən saat 06:00-a qədər bağlı olur. 200dən çox məhbusun saxlanıldığı bizim yataqxanada 3 hfətədən artıqdır ki, bir damcı belə su yığılmır.

- Yeməklər keyfiyyətsizdir və natəmiz vəziyyətdə verilir. Məhz buna görə də məhbusların yaxından daha çox xərc çəkərək evdən tez-tez sovqat gətirmək məcburiyyətində qalırlar.

- Həbsxananın mağazasında ərzaq və digər zəruri malların qiyməti həddindən çox bahadır.

- İstər uzunmüddətli, istərsə də qısa müddətli görüşə çıxan məhkumlardan əməkdaşlar mütləq pul almalıdılar. Əgər hər hansı bir məhkum "hörmət eləmək"dən imtina edirsə, o, mütləq hər hansı bir yolla cəzalandırmalıdır.

- Tibb müəssəsində isə əsasən xəstələr yox, 150 manat pul verənlər saxlanılır.

Bir sözlə, burada hər şey pulla ölçülür, adi şeylərdən tutmuş məhkəmələrədək.

Biz bütün hüquq müdafiəçilərini, Azərbaycan həbsxanalarında məhkumlara qarşı qeyri-insani münasibətlərin mövcudluğuna şübhə ilə yanaşanları 16 saylı cəzaçəkmə müəssəsində dəvət edirik. Gəlin və burada hansı cinayətlərin baş verdiyinə özünüz şahid olun”.


Geri qayıt