Əsas Səhifə > Ölkə > ELŞAD ABDULLAYEVƏ CİNAYƏT İŞİ AÇILIB

ELŞAD ABDULLAYEVƏ CİNAYƏT İŞİ AÇILIB


14-02-2012, 12:57
ELŞAD ABDULLAYEVƏ CİNAYƏT İŞİ AÇILIB

REKTORLA BAĞLI İŞİ PROKURORLUQ ARAŞDIRIR

Məlumat vermişdik ki, artıq E.Abdullayevə qarşı cinayət işi başlanılır. Qəzet redaksiyaya daxil olmuş qeyri-rəsmi, lakin dəqiq məlumat əsasında bu qənaətə gələrək həm də bildirmişdi ki, "Respublika Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədovun imzası ilə BDU-nun rektoru A.Məhərrəmovun adına 20.03.2011-ci ildə 98765¹-li məktub göndərilib. Həmin məktubda BDU rektorundan universitetin müəllimi E.Abdullayev barədə bir sıra vacib məlumatların prokurorluğa təqdim edilməsi xahiş edilmişdir".

Amma E.Abdullayevin doktorluq işinin (Rusiyada müdafiə edilmişdir) plagiat olması barədə daxil olmuş materialları Rusiya Elm və Təhsil Nazirliyinə göndərərək araşdırılmasını xahiş etmişdik. Nəhayət, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi Elm və texnika sahəsinə nəzarət Federal Xidmətinin Elmi və elmi-pedoqoji işçilərin attestasiyasının İdarə Edilməsi Baş İdarəsinin Elmi və Elmi-Pedoqoji Kadrlar Departamentinin direktoru E.K.Reçaevanın imzası ilə redaksiyamıza cavab məktubu gəldi. 18.11.2011-ci il tarixli, 01-59-841-08-12 saylı həmin rəsmi cavab məktubunda qeyd olunurdu ki, fakt təsdiqini tapmış, E.Abdullayevin doktorluq işi nazirlikdə yaradılmış xüsusi komissiyanın qərarı ilə ləğv edilmiş, digər sənədlər və materiallar müvafiq hüquq mühafizə orqanlarına göndərilmişdir. Həmçinin məktubda bildirilirdi ki, məlum qərar həm Rusiya Ali Attestasiya Komissiyasına, həm də Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilib.

***

Redaksiya bütün bu sənədləri bu dəfə rəsmi qaydada Respublika Baş Prokurorluğuna göndərdi. Nəhayət, həmin rəsmi sorğu-məktuba da cavab gəldi. Respublika Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri cənab Eldar Əhmədovun imzası ilə göndərilən cavab məktubunda deyilir: "Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin doktorluq elmi işinin plagiat olması barədə 12 yanvar 2012-ci il tarixli müraciətinizlə əlaqədar bildirilir ki, həmin müraciətiniz Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti ilə əlaqədar aşkar edilmiş qanun pozuntuları və digər xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və sair maddələri ilə istintaq olunan 105157 saylı cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur.

Müraciətinizin tam, hərtərəfli və obyektiv araşdırılması davam edilməklə nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir".

Qeyd edək ki, Azərbaycan CM-nin həmin maddələri belə tövsif olunur:

"Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə.

308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

***

"Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə.

320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə- iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Təzadlar


Geri qayıt