Əsas Səhifə > Ölkə, Manşet, Ana xəbərlər > Səttar Mehbalıyev mübahisəli obyektin bazarlığını edib
Səttar Mehbalıyev mübahisəli obyektin bazarlığını edib27-12-2013, 14:08 |
Həmkarlar İttifaqları Konfederasiyası sədrinin başı ağrıya bilər DİA.AZ: - Məlum olduğu kimi prezident İlham Əliyev intihara cəhd edən Qarabağ əlili ilə bağlı olaya reaksiya verib. “Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı”. Bunu açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: “Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir”. Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: “ Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq”. DİA.AZ bildirir ki, hər halda, prezidentin məsələyə bu şəkildə həssas yanaşması ciddi bir hadisədir. Ən azından o səbəbə görə ki, hadisəyə səbəb olan məmur - konkret olaraq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyev ciddi problemlərlə üzləşə bilər. Doğrudur, Səttar Mehbalıyev də vəziyyətin bu həddə qədər şişməsini arzulamazdı. Amma ən azından onun bu problemdən məlumatlı olması və vaxtında müdaxilə etməməsi nəzərlərdən yayına bilməz. Səttar Mehbalıyevin Zaur Həsənovla bir neçə dəfə görüşməsi və hətta problemi birgə müzakirə etməyə çalışmaları haqda da yetərincə informasiyalar var. Elə DİA.AZ-a daxil olan məlumatlarda da deyilir ki, Səttar Mehbalıyev hətta Zaur Həsənova müvafiq olaraq kompensasiya ödəmək, yəni halallıq almaq da istəyib. Sadəcə olaraq məbləğdə razılaşmayıblar. Və bu da nəticədə məlum faciəli olaya gətirib çıxarıb ki, bunun da məsuliyyət ağırlığı Həmkarlar İttifaqları Konfederasiyası sədrinin çiyinlərindədir. Geri qayıt |