Əsas Səhifə > Ölkə, Manşet, Ana xəbərlər > Qərib Məmmədov iri ranqlı məmurların hədəfində

Qərib Məmmədov iri ranqlı məmurların hədəfində


26-12-2013, 14:51
Qərib Məmmədov iri ranqlı məmurların hədəfində
Komitə sədrinin torpaq davası ona baha başa otura bilər

DİA.AZ: - "Biz sənədi olmayan torpaqları xəritəyə salmırıq." Xatırladaq ki, bunu jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bir neçə gün əvvəl bildirib. Onun sözlərinə görə, İcra Hakimiyyəti başçılarının sərəncamı ilə dövlət torpaqları icarəyə verildikdən sonra o ərazi xəritəyə salınır. Əgər bələdiyyə torpağıdırsa, bunun üçün müvafiq ərazinin bələdiyyə sədrinin sərəncamı olmalıdır.

O deyib ki, bəzən tikililərə qanunsuz icazə vermə faktları ilə rastlaşırıq: “Bu, ölkə qanununda mövcud olmayan işdir. Bəzən bizə torpağın xəritəyə salınması üçün saxta möhur vuraraq sənəd təqdim edirlər. Sənədi olmayan torpaqlar xəritəyə salına bilməz və bu, mümükün deyil.”

Əslində komitə sədrinin bu xəbərdarlığının qara camaata ünvanlandığı hər kəsə aydındır. Amma vəziyyət tamam fərqli məcraya yön almaqdadır. Bu barədə DİA.AZ_ maraqlı məlumatlar ötürülüb. Belə ki, xəbərlərdə Qərib Məmmədovun “qayaya rast gəldiyi” söylənilir. Məlumata görə, artıq siyasi dayaqları kifayət qədər zəifləyən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov indi də iri məmur-oliqarxların hədəfinə gəlib. Bunun səbəbi isə məmurlar arasında kəskinləşən »torpaq savaşıdır». Kimin daha çox tarpaq sahəsinə malik olması uğrunda başlamış savaş indi Qərib Məmmədovun özünə qarşı yönəlib.

DİA.AZ-a verilən məlumata görə, indi paytaxtda mübahisəli torpaqların yenidən bölüşdürülməsi prosesinə start verilib. Burada əsas rəqabət isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov arasında gedir.

Daxil olan məlumatlara görə, burada əsas iddiaçı ARDNŞ prezidenti rövnəq Abdullayevdir. Baş neftçi iddia edir ki, Neft Şirkətinin balansında olan torpaqlar BŞİH başçısı Hacıbala Abutalıbov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov vasitəsi ilə iş adamlarına satılıb. Yəni, söhbət təkcə vətəndaşların inşa etdiyi fərdi yaşayış evlərindən getmir. H.Abutalıbov və Q.Məmmədov vasitəsi ilə iş adamlarına satılan torpaqlar artıq özəlləşdirilib. İndi həmin torpaqları geri qaytarmaq hüquqi baxımdan çox çətin olsa da, R.Abdullayev iddialarında israrlıdır. Məsələ bundadır ki, R.Abdullayev həmin torpaq yiyələrinə yolladığı »mənimlə də »halallaşmaq» lazımdır, çünki torpaqlar Neft Şirkətinindir» mesajına mənfi reaksiya verilib. Torpaq yiyələri belə hesab edirlər ki, onlar torpağın alınması üçün rəsmi rüsumları və qeyri-rəsmi ödənişləri artıqlaması ilə ödədiklərindən və torpaq üzərində mülkiyyət hüququ əldə etdiklərindən ARDNŞ şefi ilə »halallaşmağa» ehtiyac yoxdur.

Mənbə deyir ki, belə torpaq sahələrinin sayı çox olduğundan R.Abdullayev məsələni məhkəmə müstəvisində həllinə ümid etmir. Birincisi, bu, vaxt aparan prosesdir. İkinci, məhkəmədə qalib gəlmək elə də asan deyil. Çünki qanuni aspektlər daha çox torpaq sahiblərinin xeyrinədir. Nəhayət, bu torpaq sahələrinin çoxu ayrı-ayrı oliqarxların nəzarətindədir. Ona görə də R.Abdullayev problemi prezident sərəncamı ilə həll etməyə çalışır.

Qərib Məmmədov iri ranqlı məmurların hədəfində

Bundan başqa, Azərbaycanda vahid torpaq kadastr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması layihəsi faktiki olaraq icra edilməyib. Komitənin sədri Qərib Məmmədovun fəaliyyəti layihənin icrasına imkan verməyib. Dövlətə məxsus xeyli torpaq sahəsi komitənin vasitəsi ilə mənimsənilib. Son məlumata görə, fərdi və hüquq şəxslərin mülkiyyətində olan torpaqların mülkiyyətçilik hüquqi ilə bağlı 10 minə yaxın məhkəmə çəkişməsi gedir. Bundan başqa ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı olaraq heç bir vahid plan mövcud deyil. Bu məhkəmə çəkişmələrinin əsas səbəblərindən biri dövlətə məxsus torpaqları komitə vasitəsi ilə fiziki və hüququ şəxslərə verilməsidir. Bu məsələdə isə Q.Məmmədovun H.Abutalıbovla maraqları toqquşur. H.Abutalıbov belə hesab edir ki, Q.Məmmədov meriyanın balansında olan torpaqların da bir hissəsini satışa çıxarıb.

Mənbə deyir ki, merlə komitə sədri arasında maraqların toqquşması bələdiyyə torpaqlarının satılması hüququnun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilməsindən başlayıb. 2010-cu ildən başlayaraq bələdiyyələr torpaqları komitənin təşkil etdiyi hərraclar vasitəsi ilə satılır, meriya isə prosesdən tam kənarda qalıb. Bununla barışa bilməyən mer komitəni özünə məxsus torpaq sahələrini satmaqda ittiham edir. O bu məsələdə dövlət başçısının dəstəyinə ümid edir.

Mənbə bildirir ki, Q.Məmmədov da öz növbəsində R.Abdullayev və Q.Məmmədovun ittihamlarını əsassız hesab edir. Onun fikrincə, torpaq üzərində mülkiyyət hququnun tanınması qanuni yolla həyata keçirilib, qanuna və prezidentin sərəncamlarına istinad edilir.

Qərib Məmmədov iri ranqlı məmurların hədəfində

Göründüyü kimi, paytaxtda torpaq sahələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizə başlayıb. Bunun gerçək səbəbi Bakıda torpaqların çox baha olmasıdır. Bu gün Bakıda torpağın qiyməti inkişaf etmiş Avropa ölkələrini belə geridə qoyur. Adi bir müqayisə aparaq. Londonun mərkəzinə yaxın ərazilərdə villalar 15-20 sot torpaq sahəsi ilə birlikdə 600-800 min dollara satıldığı halda, Bakının mərkəzinə yaxın ərazilərdə, məsələn, metronun »Gənclik» stansiyasının yaxınlığında 4 sot boş torpağn qiyməti 1 milyon manatdır - 1,2 milyon dollardan çox. Ona görə də adıçəkilən məmurlar bu çox gəlirli biznesi ələ keçirmək uğrunda mübarizə aparırlar.

Geri qayıt