Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İcra başçıları: KİM GEDİR, KİM QALIR?

İcra başçıları: KİM GEDİR, KİM QALIR?


26-12-2013, 11:12
İcra başçıları: KİM GEDİR, KİM QALIR?
Vəzifəsini itirəcəklər arasında birdəfəlik "vurulanlar" da var

Dünən bir sıra rayonların icra başçılarının işdən çıxarılacağı və ya yerlərinin dəyişdiriləcəyi barədə məlumat vermişdik. Daxil olan məlumatlarda qeyd olunurdu ki, həmin rayon rəhbərləri ilə bağlı nəzərdə tutulan proses qısa müddət üçün reallaşdırılacaq.

Etibarlı mənbələrdən jam.az-a daxil olan son məlumatlarda isə işdən çıxarılacaq və ya yerləri dəyişdiriləcək icra başçılarının adları məlum olub. Amma bu siyahının tam olmadığı və ora bəzi əlavələrin ediləcəyi də vurğulanır. Qeyd olunur ki, yeni adların əlavə olunması həmin rayonlarda ümumi vəziyyətin gedişatından asılı olacaq. Siyahı aşağıdakı kimidir:

- Qəzənfər Ağayev. Astaranın icra başçısının adı artıq xeyli müddətdir «qara siyahı»dadır. Onun haqqında dolaşan xəbərlərin sayı-hesabı yoxdur. Eyni zamanda, sözügedən rayon rəhbərinin adı Masallı və Astaradakı bazar məsələləri ilə bağlı qalmaqallara da qarışıb.

- Akif Səlimov. Laçının icra başçısının da adı son günlər mətbuatda «məşhuri cahandır». Onun rəhbərlik etdiyi rayonda etirazların artıq aksiyalara çevrildiyinə dair bilgilər var. Bu barədə qeyd olunur ki, Səlimov faktiki olaraq Laçını idarə edə bilmir və ona göstərilən etimadı doğrultmadığı qənaəti mövcuddur. Üstəlik, onun postu ilə vidalaşmasına səbəbkar olanlardan biri də Abşeronun icra başçısı Zakir Fərəcovun olduğu göstərilir.

- Tofiq İbrahimov. Ağdaşın icra başçısının başqa bir rayona təyinat alacağı gözlənilir.

- İrşad Əliyev. Kürdəmirin icra başçısı isə artıq işləyə bilmədiyini özü də etiraf etməkdədir. Onun ilin yarısını məzuniyyətlərdə keçirməsi rayonda bir sıra problemlərin baş qaldırmasına səbəb olub. Xüsusən də qohumlarının bazar uğrunda apardıqları savaş yuxarı dairələrdə etirazla qarşılanıb.

- Xaləddin İsgəndərov. Son günlərin ən qalmaqallı icra başçılarından biri olan Binəqənin rəhbəri hər nə qədər qohumu, vergilər naziri Fazil Məmmədova güvənsə də, rəhbərlik etdiyi rayonda baş alıb gedən özbaşınalıq onun əleyhinə işləməkdədir. Tikinti ilə bağlı ortaya çıxan qalmaqallar və problemlərdən dolayı həddindən artıq şikayət edilən sözügedən şəxsin də rayonlardan birinə başçı göndərilməsi nəzərdə tutulub.

- Adil Vəliyev. Sabunçunun icra başçısı kimi bir sıra işlər görən sözügedən şəxsin biznes işlərinə daha çox qurşanması onun haqqında mənfi rəyin yaranmasına səbəb olub.

- Şəmsəddin Xanbabayev. Xaçmazın icra başçısı artıq bir ilə yaxındır ki, işdən çıxarılması ilə bağlı sərəncam gözləyir. O, artıq yaşlandığını və rayonu idarə edə bilmədiyini, bu səbəbdən də ahıl vaxtını nəvələri ilə keçirmək istədiyini hamının yanında açıq şəkildə deyir. Sadəcə, onun digərlərindən fərqli olaraq yerinə varis hazırladığına dair iddialar var.

- Novruz Novruzov. Şabranın icra başçısı postuna illərdən bəri sahib olan sözügedən şəxsin də köhnə kadr kimi missiyasını başa vurduğu deyilir.

- Rövşən Bağırov. Lerikin icra başçısı isə uzun illərdir eyni rayonu idarə edir və onun artıq vaxtının çatdığı deyilir. Bəzi bilgidərə görə, bu şəxsin işdən çıxarılması nəzərdə tutulsa da, sonda qərar dəyişib. Bağırovu Lerikdən sonra Prezident Admnistrasiyasında kurator və ya sektor müdiri vəzifəsi də gözləyə bilər.

- Asif Ağayev. Şamaxının icra başçısı isə ARDNŞ prezidenti Rövnəq Abdullayevə çox güvəndiyindən idarəçilikdə olmazın səhvlər buraxıb. Hər dəfəsində problemləri yoluna qoyan Abdullayev isə artıq onu himayə etməkdən imtina edib.

- Məhərrəm Quliyev. Ağstafanın icra başçısının da işdən çıxarılacağı, amma onun rayonlardan birinə rəhbər göndəriləcəyinə dair məlumatlar mövcuddur.

- Qoca Səmədov: Yevlax şəhərinin icra başçısının da işdən çıxarılacağı, amma başqa təyinat alacağı gözlənilir.

P.S. Qeyd edək ki, siyahıda adları olan icra başçılarının sayı heç də az deyil. Yerdə qalan hissə ilə bağlı yaxın günlərdə məlumat verəcəyik.

Geri qayıt