Əsas Səhifə > Cəmiyyət > ERMƏNİ ƏSİRLƏR ORTALIQDA QALIB

ERMƏNİ ƏSİRLƏR ORTALIQDA QALIB


3-10-2011, 12:28
ERMƏNİ ƏSİRLƏR ORTALIQDA QALIB

ONLARI KİMSƏ QƏBUL ETMİR

Azərbaycanda olan erməni əsirləri hələlik heç bir ölkə qəbul etməyə razılıq vermir.

Məlumatlı mənbədən bazar ertəsi Trend-ə bildirildiyinə görə, Azərbaycanda saxlanılan ermənilər - 3 hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxs əsir düşdükləri ilk gündən Ermənistana qayıtmaq istəmədiklərini və üçüncü ölkəyə getmək istəklərini bəyan ediblər.

Mənbə bildirib ki, onların bu barədə müraciətləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına təqdim olunub.

Əsirlikdə olan Ermənistan vətəndaşlarını qəbul etmək üçün bir neçə ölkəyə müraciət olunsa da, həmin ölkələr onları qəbul etməkdən imtina ediblər.

Mənbənin məlumatına görə, hazırda bu istiqamətdə iş aparılır.

Azərbaycanda 3 hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxs əsirlikdə saxlanılır.

Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbiçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.

Sentyabrın sonlarında isə Ermənistanda əsirlikdə olan Roman Hüseynov üçüncü ölkəyə göndərilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Geri qayıt