Əsas Səhifə > Siyasət, Manşet, Ana xəbərlər > “Bank of Baku” ilə nazirliyin ortaq talan siyasəti

“Bank of Baku” ilə nazirliyin ortaq talan siyasəti


25-12-2013, 09:10
“Bank of Baku” ilə nazirliyin ortaq talan siyasəti
Biri vətəndaşı yuxarı kredit faizi ilə müflis edir, digəri də bu cinayətin rəsmiləşməsini təmin edir

DİA.AZ: - Azərbaycanın ayrı-ayrı banklarının fırıldaqçı əməlləri barədə yerli mətbuatda dəfələrlə bilgilər verilib. Bu əsnada daha çox ad çıxaranı isə 2010-cu ilin oktyabr ayında məşhur «WikiLeaks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə İran kəşfiyyatına yaxın bir bank kimi təqdim olunan «Bank of Baku»dur. Onu da qeyd edək ki, elə Türkiyədə yaşanan son olaylar zamanı da Azərbaycanın bank sktorunun məlum korrupsiya çetesi ilə əməkdaşlığı barədə şok faktlar ortaya qoyuldu.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli məlumatlarda bildirilirdi ki, bu bank vasitəsilə İranın xüsusi xidmət orqanlarına aid çirkli pullar yuyulmaqdadır. Bir ay ərzində İrandan qara yollarla ötürülən 5 milyon dollar məhz «Bank of Baku»nun «çistilişe»lərində təmizlənir.

Bundan əlavə, bu bankın eyni zamanda «Hyundai Auto Azerbaijan» şirkəti ilə ortaq şəkildə vətəndaşlara divan tutması da mətbuatda səslənən fikirlərdəndir. Bildirək ki, «Hyundai Auto Azerbaijan» şirkəti əslən İrandan olan və ETTEALAT-la mübhəm əlaqələri olan Oromi ailəsinə məxsusdur. Eyni zamanda bu ailənin sahiblik etdiyi NAB şirkəti də «Bank of Baku»nun əsas payçılarından biridir. Bu ailənin varidatları sırasında «Baku Electronics» kimi mühüm bir struktur da yer almaqdadır. Hər halda, belə bir imkan çevrəsinin Azərbaycanda hansı səviyyəli əlaqələrə malik olmasını təxmin etmək o qədər də çətin deyil.

Təbii ki, bu əlaqələr də öz növbəsində Azərbaycan vətəndaşlarına divan tutulması üçün də münbit şərait yaradır. Məhz «Bank of Baku»nun müştərisi olma səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının əmlakı əlindən alınıb. Bu bankdan kredit götürən onlarla vətəndaşımızın bu gün evlərini satışa çıxardığı da faktdır.

DİA.AZ-a ötürülən məlumatda isə bildirilir ki, «Bank of Baku»nun fırıldaq yolu ilə vətəndaşları talamasında iştirakçılardan biri də Ədliyyə Nazirliyidir: «Məhz bu nazirlikdə qurulan saxta hərraclar yolu ilə vətəndaşların kreditlərinin müqabilində olan əmlakları dəyər-dəyməzinə satılır. Halbuki satış hüququ kredit alan vətəndaşda olsaydı, onu istədiyi qiymətə sata bilərdi».

Mənbəmiz bildirir ki, hətta bu işdən nazir Fikrət Məmmədovun da məlumatı var: «Hər halda, nazirin bu işlərdən xəbərsiz olması qeyri-mümkündür. Çünki hərraclar nazirin birbaşa diqqətindədir».

Mənbənin sözlərinə görə, ilk əvvəl vətəndaşların əmlakını nisbətən münasib qiymətə satışa çıxaran «Bank of Baku» nümayəndələri sonradan maxinasiyalar yolu ilə əmlakın qiymətini öldürürlər: «Yalandan hərrac elan olunur, amma təşkil edilmir. Çünki hərracda həqiqi alıcıların iştirakı təmin edilmir. Bundan sonra ikinci hərrac təşkil olunur. Bu da saxta sənədlər üzərində baş verir. Hətta əmlakın sahibi olan vətəndaş israr etsə belə, yenə də eyni ssenari işə düşür. Çünki xəbəriz olan real müştərilərin hərracda iştirakları mümkünsüzdür. Bu yolla kredit müqabilində qoyulan əmlakın qiyməti öldürülür».

“Bank of Baku” ilə nazirliyin ortaq talan siyasəti

Mənbə bildirir ki, vətəndaşların əmlaklarını bu şəkildə dəyər-dəyməzinə satan «Bank of Baku» yönəticiləri əslində bu xalqın düşmənləridir: «Hər halda, düşmən olan kəs insanlarımızı bu yolla müflisləşdirər. Buna dövlət adına işlənən, dövlətin də şərik olduğu TALAN SİYASƏTİ də demək olar».

Onu da bildirək ki, «Bank of Baku» ilə ədliyyə nazirliyi tərəfindən yaradılmış bu talançı heyətin işi bununla da bitmir. Yəni vətəndaşa təzyiq üçün məhkəmə qərarlarının icrası ilə bağlı da sərt addımlar atılır. Ən acınacaqlı olanı isə odur ki, digər qanunların - vətəndaşların xeyrinə olan qanunların icrası ilə bağlı fəaliyyətdə o qədər də aktivlik nümayiş etdirməyən ədliyyə nazirliyinin məhkəmə qərarlarının icrası sektorunun nümayəndələri nədənsə BANKLARIN FAİZƏ OTURTDUĞU ƏMLAKLA bağlı fəaliyyətdə xüsusi fəallıq nümayiş etdirirlər. Hər halda, bu «nədənsə»nin nədənləri hər kəsə aydındır.

Geri qayıt