Əsas Səhifə > Partiya > Rəsul Quliyev Milli Şuranı hakimiyyətə işləməkdə ittiham etdi
Rəsul Quliyev Milli Şuranı hakimiyyətə işləməkdə ittiham etdi25-12-2013, 08:38 |
Son günlər müxalif düşərgədə İctimai Palatının buraxılması, əsas diqqətin Milli Şuraya yönəldilməsi müzakirələri başlayıb. Ancaq eks-spiker Rəsul Quliyev İP və Milli Şuranın uğur qazanacağına az inananlardandır və cəmiyyətin qəflət yuxusunda olduğu bir vaxtda yeni qurumlar yaradılmasının və gənc liderlərin bu təşkilatlara rəhbərlik etməsinin zəruriliyi təklifi ilə çıxış edir. Maraqlıdır, görəsən, yeni liderlərlə yeni qurumlar köhnə cəmiyyəti qəflət yuxusundan oyatmaq iqtidarındamı? Rəsul Quliyev Moderator.az-a bu dəfəki açıqlamasında müxalif düşərgədəki müzakirələri mənasız hesab edib və adətinə uyğun olaraq ittihamlarla çıxış edib: “ Belə bir addımın atılması gərək heç kimi təəccübləndirməyə. Bu eyni adamların 20 ildir eyni uğursuzluqla qurtaran eyni siyasətlərinin davamıdır. Hər seçki qabağı yeni adda qurum yaradılır, eyni partiyalar və liderlər ora daxil olur, sonra dekorativ dəyişiklik edilir,köhnə qurum buraxılır və yeni adlı qurum müxalifətçiliyini davam etdirir.Milli Şuranı 2015-ci il parlament seçkilərinə qədər saxlamağa cəhd edəcəklər. MŞ bir qədər güclənsə hökümət parlament seçkilərində ora daxil olan partiyalardan birinə məsələn AXCP-yə 2 yer verəcək, bu isə MŞ-nın daxilində düşmənçiliyi gücləndirib dağıdacaq. Əgər MŞ bu günkü kimi heç bir əhəmiyyəti olmayan təşkilat kimi qalsa ola bilər yenə partiyalardan yox ,müstəqillərdən kimlərəsə deputat yeri verməklə MŞ-nın ömrünü bir qədər uzatsın. MŞ-nın bu günkü mövcudluğu hökümətə xidmət edir. Çünki MŞ müxalifətçilik imitasiyası ilə məşğuldur. Hökümət isə ona toxunmayıb (yəni müxalifətlə heç bir işim yoxdur) rejimə əsl problem yarada biləcəkləri represiya edir. Sizə İP-nın üzvləri və MŞ-nın üzvlərinin siyahısını bir daha saytınızda yerləşdirməyi tövsiyə edərdim. Onda avtomatik, bu ad dəyişmə əməliyyatının nəyə qulluq edəcəyi üzə çıxardı. Bir daha Azərbaycanın indiki hökümətin apardığı siyasətlə gələcəyinin olmadığını qeyd etməklə,indiki müxalifətin bu formada mübarizəsinin də heç bir perspektivinin olmayacağı da göz qabağındadır. Bu gün MŞ-da hegemon mövqedə olan partiyalardan istənilən birisini və ya ikisini bir yerdə götürüb virtual bir hökümət yaradın. Nəzərə alın ki,xarakterlərinə görə nəinki neytral və idarəçilik təcrübəsi olanları öz hökümətlərinə götürməyəcək,heç öz aralarında razılaşa bilməyəcəklər. Baxın görün istənilən variantla belə bir hökümət işləyə bilər ya yox. İşləyə bilməz. Ona görə də onlar bu gün də,sabah da, başqa sözlə, ölənə qədər müxalifət qalmaq istəyirlər. Bu məsələdə hökümətlə onların siyasəti üst üstə düşür. Bir daha vurğulayıram ki, Azərbaycanın gələcək inkişafı gənclərin bazasında yeni qurumların yaradılmasından keçir. Belə qurumlarsa yaranacaq, mən buna əminəm.” Geri qayıt |