Əsas Səhifə > Cəmiyyət > RAFİQ ƏLİYEV SƏRT DANIŞDI
RAFİQ ƏLİYEV SƏRT DANIŞDI9-02-2012, 17:44 |
“SARAYLARIN HÖRMƏTİNƏ EHTIYACIM YOXDUR” Fevralın 10-da məşhur Azərbaycan alimi və ictimai xadim, Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyevin 70 yaşı tamam olur. Yubiley ərəfəsində Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının keçmiş müdir müavini olan alim obyektiv.tv –nin suallarını cavablandırıb. 70 illik həyat yoluna nəzər salan Əliyev “balansda yaşadığını” qeyd edib. “Yəni, nə qədər qazanmışam, o qədər də itirmişəm”. O, Qarabağ itkisini ən böyük itkisi hesab edir. “Çalışmışam ki, ən birincisi təmiz adım və təmiz ailəm olsun. Bu çox vacibdir. İkincisi çalışmışam ki, cəmiyyətin saflığı üçün əlimdən gələn nə isə edə bilim. Bir də elmdə azdan-çoxdan nə isə etmək istəmişəm. Buna isə tarix qiymət verə bilər, mən bir şey deyə bilmərəm”, deyə Əliyev qeyd edib. Elmdə Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafı üzrə təklifləri ilə məşhurdur. Onun məntiqləri soyadına uyğun olaraq “ALİ-1”, “ALİ-2” və “ALİ-3” kimi məşhurdur. Onlar Rusiyanın kosmik obyektlərində tətbiq olunur. Bu məntiqlər əsasında yaradılmış sistemlərdən Kanada, Amerika, Almaniya və digər ölkələrdə də istifadə olunur. Azərbaycanda sovet dövründə bu məntiqlərdən neft emalı və metallurgiyada tətbiq olunurdu. “İndi onların tətbiqi üçün sahə yoxdur”, deyə alim qeyd edib. Əliyev yubileyinin dövlət səviyyəsində qeyd olunmamasını belə şərh edib: “Mənim sarayların hörmətinə yox, xalqın hörmətinə ehtiyacım var”. Son zamanlar Əliyev Ziyalılar Forumunun tərkibində ictimai fəallıq göstərib, bundan dərhal sonra o, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdirinin müavini vəzifəsindən azad edilib. Ziyalılar Forumu müntəzəm olaraq cəmiyyətdəki qorxunu aradan qaldırır və vətəndaş fəallığının güclənməsinə şərait yaradır. Bu mübarizənin siyasi gələcəyini necə qiymətləndirirsiniz? Bu suala cavabda Əliyev deyib: “Bəzi savadı olmayan, təsadüfi adamlar var, deyir ki, Ziyalılar Forumu qeyri qanuni qurumdur. Burada heç bir qurum yoxdur. Bu ancaq forumdur. Yəni, hər kəs gəlib iştirak edib sözünü deyə bilər. Təxminən Rim klubuna bənzəyir. Bunun heç bir siyasi iddiası yoxdur. Yalnız bir məqsədi var, ictimai fikrə düzgün istiqamətdə təsir etmək və ictimai fikrin vektorunu düz istiqamətdə, yəni demokratiya və ədalət istiqamətində yönəldə bilsin. Məqsəd budur. Ziyalılar Forumunun sıraları gün-gündən genişlənir, xalqın içərisində bir rəğbət var. Ziyalılar Forumu artıq ictimai fikrə müəyyən təsir edir və gələcəkdə daha çox təsir edəcək. Düşünürəm ki, gələcəkdə kataklizmlər olmaması üçün Ziyalılar Forumunun fikrinə daha çox ehtiyac olacaq”. Xalqınıza nə demək istərdiniz? – sualına Əliyev belə cavab verib: “Ədalət uğrunda, demokratik cəmiyyət uğrunda çalışmaq lazımdır. Ən böyük arzum budur ki, mənim xalqım azad, firəvan və gözəl bir cəmiyyətdə yaşasın”. Geri qayıt |