Əsas Səhifə > Hadisə > DAHA BİR BANK FIRILDAĞI

DAHA BİR BANK FIRILDAĞI


9-02-2012, 17:28
DAHA BİR BANK FIRILDAĞI

"ZAMİNBANK" VƏTƏNDAŞIN 104 MİN MANATINI MƏNİMSƏYİB?

Fevralın 9-da Bakı sakini Çingiz Quliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində hüquq müdafiəçisi Ələkbər Məmmədovla birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, Azərbaycanda bir qrup məmur bank açaraq vətəndaşları soymaqla məşğuldur: “Bankların bir neçəsi hüquq-mühafizə orqanları ilə cinayət əlaqəsinə girərək vətəndaşların pullarını mənimsəyirlər. Özünü doğrulmadığı üçün bir neçə bank bağlanıb. Bir neçəsi isə bağlanmaq ərəfəsindədir. Həmin banklarda vətəndaşların 100 minlərlə pulu batır. Belə banklardan biri də “Zaminbank”dır.”

Vətəndaş Çingiz Quliyev isə bildirdi ki, “Zaminbank” onun 104 min manatını mənimsəyib: “28 dekabr 2010-cu il tarixdə “Zaminbank”a depozit hesabı açmaq üçün 100 manat, 2011-ci ilin yanvarın 18-də isə 99,900 min manat köçürmüşəm. Bütün sənədlərim, qəbzlər və bankla müqavilə tam qaydasındadır. 1 ildən sonra həmin pulun üstünə 4 min manat faiz gəlməli idi. 2012-ci ilin yanvarında pulumun faizini götürmək üçün “Zaminbank”a gedəndə orada operator mənə hesabımda pul olmadığını, kiminsə hesabımdakı pulları götürdüyünü bildirdi. Bank rəhbərliyi ilə görüşmək istədim, dedilər yoxdur. Nömrəmi verdim, dedim ki, gələn kimi deyin mənimlə əlaqə saxlasın. İki həftə keçdi, mənə heç bir zəng gəlmədi. Bu barədə “Azadlıq” radiosuna müsahibə verdim. Müxbir Maarif Çingizoğlu qarşı tərəfin də fikrini öyrənmək üçün zəng edib. Bankdan “Azadlıq” radiosuna bildiriblər ki, onlara bankdan pul götürülməsi problemi ilə bağlı elə bir müştəri müraciət etməyib”.

Bundan sonra məsələ ilə maraqlanan başqa informasiya Agentliklərinə də bankdan bildiriblər ki, problem həll olunub, vətəndaş artıq pulunu götürüb. Lakin bu yalan məlumat idi. Çingiz Quliyev növbəti dəfə banka gedəndə onu “top-tüfəng”lə qarşılayıblar. Ona bildiriblər ki, sənədlərin əslini gətir. Lakin vətəndaş bildirir ki, o heç vaxt banka sənədlərin əslini aparmayacaq. Çünki qorxur ki, onu döyüb sənədi əlindən alarlar. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirir ki, sənədin əsli vətəndaşa pulunu götürməyə gərək deyil. Vətəndaş sənədlərin surəti ilə də pulunu götürə bilər: “Bank sənədləri bəhanə ilə vətəndaşın əlindən almaq istəyir. Sənədlərin əsli əlindən çıxsa, o heç kimə heç nə sübut edə bilməyəcək.”

Çingiz Quliyev 100 min manatı sahibkarlıq fəaliyyətindən qazandığını bildirib. Baş Prokurorluğa məsələ ilə bağlı müraciət etsə də, reaksiya verilməyib. “Zaminbank”ın idarə heyətinin sədri Z.B.Quliyeva artıq bir neçə müddətdir ki, xaricdədir.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Geri qayıt