Əsas Səhifə > Ölkə, Manşet > GÖYGÖLÜN BİR KƏNDİNDƏ TƏBİİ QAZ MAXİNASİYASI

GÖYGÖLÜN BİR KƏNDİNDƏ TƏBİİ QAZ MAXİNASİYASI


13-12-2013, 15:36
GÖYGÖLÜN BİR KƏNDİNDƏ TƏBİİ QAZ MAXİNASİYASI
SAKİNLƏR: «BİZ BİR YANA, DÖVLƏTİ NİYƏ ALDADIRLAR?»

DİA.AZ: - «27 noyabr 2013-cü il tarixdə Topalhəsənli kəndinə çəkilmiş təbi qazın verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Araz Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər». Bu ifadələr Göygbl rayonunun Topalhəsənli kəndində qaz xəttinin çəkilməsilə bağlı verilən məlumatda yer almışdı.

Xəbərin ruhundan da görünür ki, yerli icra strukturları bu «görünməmiş hadisəni» cani-dildən vəsf etməyə maraq göstəriblər. Məlumatın ardında deyilirdi: «Göygöl rayon Qaz İstismar Sahəsinin rəisi Cavad Məmmədov tədbirdə çıxış edərək qeyd etdi ki, ölkənin qazlaşdırılması ilə bağlı böyük layihələr həyata keçirilir, hazırda rayonun 45 yaşayış məntəqəsindən 23-ü təbii qazla təmin edilmişdir. 2013-cü ildə 14 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Topalhəsənli kəndi də həmin kəndlər sırasındadır və artıq bu kənddə qaz çəkilişi işləri başa çatdırılmışdır. 2 mindən çox əhalisi olan Topalhəsənli kəndində 390 abonentin mənzilinə birtipli sistemlə fərdi tənzimləyici və sayğac qoyulub, 4350 poqometr daşıyıcı və 22613 poqometr paylayıcı xətt çəkilib». Daha sonra xəbərdə kənd sakinlərinin bu olayı sevinclə qarşıladığı da xüsusi olaraq vurğulanmışdı.

Bildirək ki, 27 noyabr tarixində baş verən bir hadisənin xəbərini təkrar olaraq təsadüfən diqqətə çatdırmadıq. Hər halda, soyuqların düşdüyü bir ərəfədə təbii qazın vətəndaşın həyatında hansı rol oynadığını təxmin etmək çətin deyil. Amma əgər həqiqətən də xəbərlər doğrudursa və həqiqətən də Göygöl rayonunun Topalhəsənli kəndinə qaz çəkilibsə…

Bu barədə DİA.AZ-a müraciət edən Topalhəsənli kəndinin sakinləri bildirirlər ki, əslində onların kəndlərinə təbii qaz çəkilməyib və problemləri iddia olunduğu kimi həll edilməyib. Sakinlər yazır: «Qaz xətti kəndin girişinə qədər çəkilib və evlərə paylaşdırılmayıb. Yəni biz sadəcə olaraq həmin gün rezin şlanqla kəndə gətirilən təbii qazın məşəlini yanan gördük və sonuncu dəfə də həmin gördüyümüz oldu».

GÖYGÖLÜN BİR KƏNDİNDƏ TƏBİİ QAZ MAXİNASİYASI

Sakinlər bildirir ki, evlərə qaz sayğacı qoyulsa da, hələ də qaz xətti kəndin içinə girməyib: «Bizi aldatdılar ki, bu qışı təbii qazla təminatımız yaranır. Biz də sevindik. İlk dəfə olan bir hadisəyə niyə də sevinməyək. Amma indi hara yazsaq da, xeyri yoxdur. İcra hakimiyyətində bildiriblər ki, evlərə təbii qaz gələn ildən veriləcək. O zaman bizi niyə aldadırdılar, evlərə niyə qaz sayğacı qoyurdular? Biz bir yana, bu saxta hesabatları ilə dövləti niyə aldadırlar? Biz yaxşı bilirik ki, həmin xəbəri yaymaqla onlar büdcədən pul siliblər. Çünki gələn ilə qalsaydı, bu il görməli olduqları işin hesabatını verməli idilər. Ona görə də yalançı «açılış mərasimi» elədilər. Amma buna bir nəzarət edən olmalıdır axı»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt