Əsas Səhifə > Gündəm, Manşet > «QORXMAZ HÜSEYNOVU ASMAQ LAZIMDIR»

«QORXMAZ HÜSEYNOVU ASMAQ LAZIMDIR»


9-02-2012, 14:06
«QORXMAZ HÜSEYNOVU ASMAQ LAZIMDIR»

İKİ GÜNDÜR SUSUZ QALAN BAYIL SAKİNLƏRİ OD PÜSKÜRDÜ

DİA.AZ: - Qışın kəskin soyuqları neçə gündür ki, Bakıda həyatı iflic edib. Havaların soyuması və aşağı temperatur sanki hökumətin ayıblarını da üzə çıxarmaqda yardımçı oldu. Dünənə qədər ölkə paytaxtının inkişafına xərclənən pulların gerçəkdə havaya sovrulması Ana Təbiətin iqtidarı ilə bir daha təsdiqlənmiş oldu.

Onu da bildirək ki, neçə gündür paytaxtın ayrı-ayrı rayonlarında evlərin təbii qazla, eletriklə və su ilə təminatında da ciddi problemlər yaranıb. Lakin buna rəğmən, sakinlərin problemlərdən dad döyüdüyü bir məqamda sözügedən istiqamətlərə nəzarət edən dövlət qurumları sanki bir-birilərinin ağızlarını iynəmiş kimi eyni şəkildə açıqlama verməkdədirlər: «Problem yoxdur!»

Amma real faktlar da təsdiqləyir ki, problemlər var və özü də şiddətli formada. Məsələn, Bakının Xətai rayonunun Babək prosepktində yaşayan sakinlər ümumiyyətlə həyatdan təcrid olunmuş vəziyyətdədirlər və onlar həm işıq, həm su və həm də qaz üzünə həsrət qalıblar.

Bu arada isə «Azərsu» ASC-dən verilən açıqlamada isə bildirilirdi ki, Bakının bütün yerlərində su ilə təminat qaydasındadır və heç bir problem yoxdur. Lakin bir daha vurğulayırıq ki, redaksiyamıza bir-birinin ardından daxil olan işkayətlər də təsdiqləyir ki, əslində «Azərsu» qarışıq bütün dövlət qurumları yalan danışırlar.

Bununla bağlı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) Bayıl qəsəbəsi Aqil Quliyev küçəsinin sakinləri bildirdilər ki, artıq 2 gündür onlar su üzünə həsrət qalıblar: «Şikayət etmədiyimiz ünvan qalmayıb. Amma bizi eşidən yoxdur. MİS-dən deyirlər ki, problem «Azərsu»dan qaynaqlanır. «Azərsu» ilə isə əlaqə yaratmaq qeyri-mümkündür».

Bu şikayətdən sonra biz də müvafiq araşdırmalar apardıq və aydın oldu ki, hətta «Azərsu»nun guya ki vətəndaşların problemlərinin operativ qaydada həlli üçün nəzərdə tutulmuş «955» qaynar xətti də telefon zənglərinə cavab vermir.

Onu da bildirək ki, bir neçə gün əvvəl qəzetlərin birində «Azərsu»ya rəhbərlik edən Qorxmaz Hüseynovun həbs ediləcəyi barədə xəbər yayılmışdı və bildirilirdi ki, ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Bu yazını xatırladan Bayıl sakinləri redaksiyamıza bildirdilər ki, işinə məsuliyyətsiz yanaşan Qorxmaz Hüseynovun qanun qarşısında cavab verməsi üçün onlar da şikayətçi düşəcəklər: «Əgər vətəndaşların problemlərinə bu şəkildə yanaşırsa, onu dar ağacından da asmaq lazımdır. Bizim günahımız nədir? İki gündür zülüm çəkirik. Evdə körpə uşaqlarımız var. Soyuqda hardan su daşıyıb gətirək?»

Geri qayıt