Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTATIN QƏRİBƏ MƏNTİQİ

YAP-ÇI DEPUTATIN QƏRİBƏ MƏNTİQİ


9-02-2012, 13:51
YAP-ÇI DEPUTATIN QƏRİBƏ MƏNTİQİ

“İSA QƏMBƏR ARİF HACILININ AZADLIĞA ÇIXMASINI İSTƏMİR”

“Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir.

Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insan Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu. O zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi. Bu gün də Müsavatda analoji prosesi həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb: “Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əli ilə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı, Vurğun Əyyub birinci müavin ola-ola, proseslərdən və partiyadan kənarlaşdırıldı. Bu gün Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbərdir. Çünki bircə o sədrliyə namizədliyini irəli sürə bilər, yerdə qalanların hər biri ən yaxşı halda 20-30 səs qazanmaq gücünə malikdir. O insanlar Müsavata sədrlik etmək qabiliyyətində deyillər. Bu baxımdan İsa Qəmbər başqanlıqda qalmaq üçün bu cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. Ona görə yox ki, prezidentliyə namizədliyini irəli sürmək istəyir, ona görə ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla isə o, sadəcə, öz maliyyə vəziyyətini düzəltməyə çalışır”.


Geri qayıt