Əsas Səhifə > Siyasət, Manşet > KƏMALƏDDİN HEYDƏROV TƏHLÜKƏ MƏNBƏYİDİR

KƏMALƏDDİN HEYDƏROV TƏHLÜKƏ MƏNBƏYİDİR


9-02-2012, 13:15
KƏMALƏDDİN HEYDƏROV TƏHLÜKƏ MƏNBƏYİDİR

ONUN SURƏT HÜSEYNOVUN YOLUNU GEDƏ BİLƏCƏYİ EHTİMAL OLUNUR

DİA.AZ: - «Bu gün ölkənin əsas fiqurlarından hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov həm də eyni dərəcədə təhlükə mənbəyi hesab olunmaqdadır». Bu sözləri «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) anonim olaraq iqtidara aid simalardan biri söyləyib. Həmsöhbətimiz bu sözlərini özünəməxsus tərzdə əsaslandırıb da.

Onun bildirdiyinə görə, Kəmalədin Heydərov kifayət qədər ciddi rıçaqlara malikdir: «Bu gün o, həm siyasi və həm də sosial müstəvidə xeyli dərəcədə güclənib. Onun çox ciddi imkanları var. Belə fiqurlar isə istənilən atoritar rejimlər üçün xarakterik olsalar da, həm də təhlükə mənbəyi hesab olunurlar. Tarixə də diqqət yetirsəniz, görərsiniz ki, daxili təbii inqilab yolu ilə yıxılmış bütün avtoritar rejimlərin tənəzzülündə bu kimi məmurların iştirak payı yetərincədir».

Həmsöhbətimiz hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin bir zamanlar valyuta bazarında əsas söz sahibi olmasını da xatırladaraq bildirdi ki, Fərhad Əliyev hətta bir ara əzələ nümayişinə də qalxdı: «Bir gün Bakıda dollar qıtlığı yarandı. Əslində çox ciddi hadisə idi. Buna görə də Fərhad Əliyev getməli idi. Hələlik Kəmaləddin Heydərov hansısa formada gücünü göstərmir. Sadəcə olaraq imkan və imtiyazlarını, təsir rıçaqlarını genişlətməklə məşğuldur».

Mənbəmiz bir maraqlı faktı da redaksiyamızın əməkdaşları ilə söhbətində bölüşüb: «Kəmaləddin Heydərovdan bu gün hansısa işçisi, tabeçiliyində olan şəxs, onunla yaxınlıq etmiş birisi narazılıq edə bilməz və etməz. O, özünü tabeçiliyndə olanlarla çox yaxşı aparır və bütün çevrəsinə demək olar ki, birbaşa dəstəkdə bulunub. Bunun da nəticəsidir ki, bu gün Kəmaləddin Heydərovun uğrunda hətta ölümə getməyə hazır olan yüzlərlə şəxs də var»

Təbii ki, belə bir situasiya müəyyən gərginlik anında təhlükə mənbəyinə çevrilə bilər. Həmsöhbətimiz Surət Hüseynov örnəyini unutmamağı da tövsiyə edir: «Surət Hüseynov bir zamanlar nəinki Gəncədə, şahidi olduq ki, az qala bütün Azərbaycanda böyük hörmət sahibi idi və hətta onun avtoriteti hesabına Azərbaycanda AXC iqtidarı devrildi. Doğrudur, Kəmaləddin Heydərov o həddə qədər şişməyib, amma bunun simptomları açıq-aşkar ortadadır və kimsə qarantiya verə bilməz ki, Kəmaləddin Heydərov nəhayətdə Surət Hüseynovun 1993-cü ilin iyun hadisələri zamanı etdiklərini təkrarlamayacaq».


Geri qayıt