Əsas Səhifə > Partiya > "HEYDƏR ƏLİYEVƏ GÖRƏ NECƏ DÖYÜLMÜŞƏMSƏ"...
"HEYDƏR ƏLİYEVƏ GÖRƏ NECƏ DÖYÜLMÜŞƏMSƏ"...11-12-2013, 17:52 |
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hafta.az-a Heydər Əliyev haqqında bu vaxta qədər mətbuata danışmadıqlarını söylədi. Hafiz Hacıyev bildirir ki, mərhum prezidentin Moskvadakı evində ilk dəfə o, olub: “Heydər Əliyev SSRİ-də vəzifədən uzaqlaşdırıldıqdan sonra onun Moskvadakı evində olmuşam. Onunla birlikdə həmin evdə ilk dəfə mən qalmışam. O zaman balıqçılıq sənayesində çalışırdım. Həmin gün “Nezavismaya Qazeta”nın rəhbərliyini evə dəvət edib, rəhmətlikdən böyük bir müsahibə aldırmışam. Həmin qəzeti 300 nüsxəsini təyyarə ilə Azərbaycana gətirəndə o vaxtkı DTK-nın sədri Hüseyn Hüseynov məni tutdurub. Sonra məni Ayaz Mütəllibovun qəbuluna gətirdilər. Ayaz Mütəllibova hadisəni təfərrüatı ilə başa saldım. O da məni buraxdırdı”. Hafiz Hacıyevin sözlərinə görə, bir zamanlar Heydər Əliyevə görə aldığı zərbənin təsirindən hələ qurtula bilməyib: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təmin edənlərdən biri mən olmuşam. Onun Bakıya qayıtması zamanı məni hava limanında döydülər. Hələ də gözümün altındakı şiş qalıb. Heydər Əliyev Bakıya qayıdanda onu Cəlal Əliyev, Nəriman Həsənzadə və mən qarşıladıq. Eyni zamanda, rəhmətlik Moskvadan Bakıya qayıdanda onu ilk dəfə qarşılayan və gül dəstəsi verən Müasir Müsavat Partiyasının bugünkü sədri, yəni mən oldum”. Partiya sədrinin sözlərinə görə, Heydər Əliyev ondan xahiş edib: “Heydər Əliyev Naxçıvanın Ali sədri olan vaxt mənə bildirdi ki, Naxçıvan balığının Bakıya gətirilməsi yaxşı çıxmır. Buna görə mən Naxçıvanda balıqçılıq sahəsinə baxan direktorla danışdım, Heydər Əliyevin tapşırığı və xahişi ilə bütün balıqların Naxçıvan daxilində satılmasını təmin etdik”. Hafiz Hacıyev mərhum prezidentin ruhuna bu gün də dualar oxuduğunu bildirdi: “Yəni mənim Heydər Əliyevlə münasibətlərim çox yaxın olub. Onun Bakıdan Naxçıvana getməsi və ümumi səfərləri zamanı mühafizə xidmətinin təşkil edilməsində mənim böyük xidmətlərim olub. Heydər Əliyevə qarşı olan istəyim bu gün də öz qüvvəsində qalır. Surət Hüseynovun məni həbs etməsi zamanı Heydər Əliyevin hümanistliyi nəticəsində mən azadlığa buraxıldım. Bu gün də onun bu əməllərinə qarşı öz borcumu yerinə yetirərək, onun anım gününü qeyd edib, ruhuna dualar oxuyuram”. Geri qayıt |