Əsas Səhifə > Ölkə, Manşet > İSMƏT ABBASOVUN KADRINA QARŞI YENİ İTTİHAMLAR

İSMƏT ABBASOVUN KADRINA QARŞI YENİ İTTİHAMLAR


11-12-2013, 14:31
İSMƏT ABBASOVUN KADRINA QARŞI YENİ İTTİHAMLAR
HEYDƏR ƏSƏDOV BÜTÜN BUNLARI SEYR EDİR…

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Hesablama Palatası yeni rəhbər müəyyənləşməsinin ardından bir sıra dövlət qurumlarında yoxlamalara başlayacaq. Artıq bu məlumatımız təsdiqlənib. Və aydın olur ki, Hesablama Palatasının Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.

Bu barədə DİA.AZ olaraq yaydığımız son məlumatda qeyd olunurdu ki, bu dəfə belə olmayacaq. Konkret olaraq “Aqrolizinq” ASC ilə bağlı məsələdə. Qeyd edək ki, «Aqrolizinq» ASC-nin rəhbəri Əli Bayramovdur. Bu günlərdə isə onun fəaliyyəti və əlindəki sərvətlərlə bağlı çox ilginc faktları diqqətinizə təqdim etmişdik. Həmin materiallardan da aydın olurdu ki, Əli Bayramov illər ərzində dövlətin KTN sisteminə qayğısını inhisara alıb və bu QAYĞI hesabına özünə böyük bir imperiya da qurub.

Bütün bunlar isə keçmiş nazir, hazırda isə baş nazirin müavini postunu tutan İsmət Abbasovun nəzarəti altında həyata keçirilib. İndi isə İsmət Abbasov Əli Bayramovu müdafiə edəcək qüdrətdə deyil. Bunu da məlumatlı mənbə redaksiyamıza bildirib. Xəbərə görə, HP-nin “Aqrolizinq” ASC ilə bağlı təftiş qərarı da məhz bununla əlaqədardır. Mənbə iddia edir ki, hətta Əli Bayramovun da olmasa, ASC-dən bir neçə fiqurun həbsi belə mümkündür.

DİA.AZ-ın əldə etdiyi son informasiyalardan aydın olur ki, Hesablama Palatası “Aqrolizinq” ASC-nin fəaliyyətində konkret ayrılan vəsaitin xərclənməsi ilə bağlı hesabatları da araşdırmağa hazırlaşır. Belə ki, keçən ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi haqqında sərəncam imzalanmışdı. Sərəncamda qeyd olunurdu ki, 2012-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın. Və bu vəsait “Aqrolizinq” ASC-yə ayrıldı və hətta telekanallarda vəsaitin təyinatı üzrə yönəldilməsi ilə bağlı şoular da təşkil olundu.

İndi isə sözügedən vəsaitlərlə bağlı hüquqi araşdırmalara başlanıldığı iddia olunur. Redaksiyamızı məlumatlandıran bilgili qaynaq iddia edir ki, bütün proseslər Əli Bayramova qarşı yönəldiyindən “Aqrolizinq”in şefi vəziyyətdən çıxış üçün yollar aramaqdadır: «Yeni nazir Heydər Əsədov isə bu proseslərdə müşahidəçiliyini qoruyur. Ən azından onun üçün də nazirliyi təmiz şəkildə təhvil almaq daha əlverişlidir».

Geri qayıt